Ağdam. Aslan Məmmədli. Trend:
İşğaldan azad edilmiş ərazilərin tikintisi və müasir infrastrukturun yaradılması prosesi sürətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu Füzuli Beynəlxalq Hava Limanında, həmçinin Şuşaya çəkilən Zəfər yolunda tikinti prosesi demək olar ki, gecə-gündüz aparılır.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Füzuli Hava Limanının və Zəfər yolunun inşasını yerində izləyib, iş icraçıları və ekspertlərlə görüşüb, tikintinin detalları ilə maraqlanıb.
AZAL rəsmisi Valeh Əmiraslanov AzerTimes-a bildirib ki, tikinti prosesində 450-yə yaxın işçi çalışır, bunların əksəriyyəti yerli mütəxəssislərdir. Hazırda uçuş-enmə zolağı, perron, giriş yolu, terminal və digər köməkçi binalar tikilir. Uçuş-enmə zolağı, aeronaviqasiya sistemləri, su və elektrik təchizatı, idarəetmə qülləsi senytabrın 5-nə kimi hazır olacaq. Ümumi tikinti isə ilin sonuna kimi tam başa çatdırılacaq:
“Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur hissidir. Tikinti prosesini vaxtında başa çatdırmaq üçün var gücümüzlə çalışırıq”.
Tikinti prosesini izləyən Milli Məclisin deputatı Vüqar Bayramov isə AzerTimes-a açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı regionun inkişafı üçün vacib infrastruktur layihələrindən biridir: “Hava limanı quru nəqliyyatı vasitəsi ilə Zəngəzur dəhlizi ilə birləşəcək, bu dəhliz isə Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Bu gün istər ölkəmizdə, istərsə də xaricdə xeyli sayda insanlar azad edilmiş ərazilərimizə səfər etmək arzusundadırlar. Hava limanı bu və digər imkanların reallaşmasına böyük töhfə verəcək”.
V.Bayramov onu da bildirib ki, hazırda Şuşaya çəkilən Zəfər yolunda da işlər fasiləsiz davam edir. Həm ölkə vətəndaşları, həm xarici turistlər Füzuli aeroportundan Şuşaya asanlıqla səfər edə biləcəklər. Yükdaşımalara gəldikdə isə, deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərin potensialı çox böyükdür və qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında bu layihələrin rolu əvəzsiz olacaq.
Çəkiliş qrupumuz Zəfər yolunun tikintisi ilə tanış olarkən iş içraçısı Bülənt Mərsin proseslə bağlı AzerTimes-a açıqlama verib: “Hazırda Zəfər yolunun 34 və 51-ci kilometrləri arasındakı 17 kilometrlik hissənin çəkilişləri aparılır. Bu ərazi yolun Füzuli şəhərinin mərkəzindən keçən hissəsidir. Burada yolun eni 15 metr, daha sonra isə 11 metr olacaq. Bu hissə boyu 2 körpü, 24 su ötürücüsü tikiləcək. Şuşa yolu ilə birləşən yolda isə 1 keçid inşa ediləck”.
Trend TV-nin tikinti meydançasından hazırladığı videoreportajı təqdim edirik.