Qarabağdan Qüdsə yol: “Hesablaşma” başladı – Ağar

Qarabağdan Qüdsə yol: “Hesablaşma” başladı – Ağar

Artıq müharibə başladı. Tərəflər enerjilərini boşaldana və bir şeylər əldə edənədək döyüşlər davam edəcək. Məsələ yalnız İsrail ilə HƏMAS arasındakı mübarizə, proses göründüyü qədər asan deyil. Hazırda HƏMAS Qəzzadan qat-qat böyük olan min kvadrat kilometr ərazidə öz təsirini göstərir. Bu, İsrail ərazisinin beş faizidir.

Bu sözləri AzerTimes-a İsrail-Fələstin müharibəsi ilə bağlı danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ağar müharibənin meydana gəlmə səbəblərindən danışıb, İran və İsrailin HƏMAS üzərindən hesablaşdığını vurğulayıb:

“Ötən həftə İran ali dini rəhbəri Əli Xamenei diqqətçəkən bir açıqlama verdi. O, ərəb dövlətləri ilə Təl-Əviv arasındakı yaxınlaşmanı sərt formada tənqid etdi, yanlış oynadıqlarını, İsrailin yox olacağını dedi. İranın Qüds qüvvələrindən, SEPAH-dan, Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti və İsrail tərəfindən verilən açıqlamalara nəzər yetirdiyimiz zaman tərəflərin bir-birini ittiham etdiyini görürük. Yəni proses HƏMAS-İsrail qarşıdurması üzərindən İran-İsrail toqquşması kimi özünü büruzə verir. Başlanğıcda ərəb dünyası ilə Təl-Əviv yaxınlaşması sülh gətirəcək müsbət bir hal kimi görünürdü, ancaq bundan ciddi şəkildə narahat olanlar vardı. Narahat olanlardan biri Fələstin, digəri İran idi. Fikrimcə, sözügedən ölkələr Fələstinin sosioloji baxımdan nələr yaşadığını yetərincə dəyərləndirməyiblər. Bu mərhələdə fələstinlilər özlərini tərk edilmiş, çarəsiz buraxılmış, yalnızlaşdırılmış və qazandıqları bir sıra nailiyyətləri itirmə təhlükəsi ilə qarşılaşan tərəf səviyyəsinə salındılar. Nəticədə isə meydana gələn vəziyyəti məcburi şəkildə dəstəkləməli oldular.

Digər səbəb İsrailin dronlarla döyüş təyyarələri ilə İranın daxilində meydana gətirdiyi partlayışlardır. Çox bilinməsə də, İsrail qırıcıları Qolan təpələri üzərindən və ABŞ-ın nəzarətindəki hava sahələrini keçərək İranda bir sıra əməliyyatlar apardı. Bu, İranı çox narahat etdi və onda qisas duyğusunu oyatdı. Bunlarla bərabər, İraq və Suriya üzərindən qarşılıqlı qütbləşmə mövcuddur. İran və Rusiyanın ABŞ-ı Suriyadan çıxartma layihəsi olduğu halda, Vaşinqton xüsusilə sünni ərəbləri təşkilatlandıraraq İranın Suriyadan istifadə etməklə İraqdan Aralıq dənizinə keçidini əngəlləmək istəyir. Bir də bizi də çox yaxından maraqlandıran Qarabağ məsələsi var. Qarşımızda Qarabağda təşəbbüsü əldən verən İran var. Ermənistan İrandan bir sıra silah sistemləri, PUA-lar və s. alır. Nəticədə Bakının lehinə, Tehranın əleyhinə vəziyyət formalaşdı. İsrailin Azərbaycana dəstəyi İranı çox narahat edən məqamdır. Bunun da prosesə təsiri mövcuddur.

Ən son isə nüvə məsələsidir. İsrail açıq şəkildə İranın uranı zənginləşdirərək nüvə silahı əldə etməyinə əngəl olacağını bəyan edib. Bütün sadaladıqlarımız məndə HƏMAS üzərindən İran və İsrail arasında hesablaşmanın başladığı qənaətini meydana gətirib”.

Ekspert hazırda HƏMAS-ın İsrailin həssas yanaşdığı məsələlərdən istifadə etdiyini vurğulayıb:

“Burada Türkiyəni maraqlandıran bir sıra hallar da var. Azərbaycanın bir günlük lokal antiterror tədbirləri ilə Ermənistanın bütün xəyallarını puç etdiyi, bütün diqqətimizi Zəngəzur dəhlizinə ayırdığımız məqamda Ankarada terror aktı törədildi, sonra Türkiyə Suriyada hərəkata başladı və dörd gün öncə Xüms şəhərində hərbi məktəbdə törədilən hücumla üz-üzə qaldıq. Sonra Bəşər Əsəd Türküstan İslam Partiyasını, “Tahriri-Şam”ı günahlandırmağa, Rusiya ilə birlikdə onlara qarşı yönəlməyə başladı. Bunun ardınca bir anda HƏMAS-ın İsrailə hücumu başladı. Bəhs etdiyimiz hadisələrin ümumi bir-birinə bağlı cərəyan etdiyini dəyərləndirirəm. Cənubi Qafqazdan başlayan və hansısa bir formada Qəzzayadək uzanan hadisələr qurşağının içərisindəyik. Türkiyənin maraq dairəsində olan ərazilərdə bu hadisələr baş verir və biz onların tam mərkəzindəyik.

Dövlətimiz qan axmaması üçün öz mövqeyini ortaya qoyacaq. Ancaq hazırki mərhələdə humanizm baxımından çıxış etməyin də çətin olduğunu düşünürəm. Çünki araya girən tərəflərin də zərbə alması mümkündür. İsraili hücumlarda nə qədər fələstinlinin deyil, öz vətəndaşının öləcəyi maraqlandırır. HƏMAS da bunu yaxşı bilir və oyunu buna görə qurur”.

Teqlər: