“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandanın qapıçısı Andrey Lunyovun yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
AzerTimes xəbər verir ki, klub rəsmisi qeyd olunan məbləğin və rusiyalı qapıçının meneceri Anton Smirnovun danışıqların məhz “Qarabağ” tərəfindən mətbuata sızdırıldığı barədə iddiasını təkzib edib.
“Deyilən rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Məlumatların haradan çıxdığı, kim tərəfindən uydurulduğu bizə məlum deyil. Biz də belə bir məsələ olduğunu mətbuatdan oxumuşuq”, – A.Hacıyev bildirib.
Qeyd edək ki, Anton Smirnov Rusiya mediasına müsahibəsində Andrey Lunyovun “Qarabağ”da qazandığından daha yüksək məvacibə layiq olduğunu, digər variantları nəzərdən keçirəcəklərini bildirib.
Xatırladaq ki, 32 yaşlı qolkiperin ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.