Qarabağdan Ermənistana köçən sakinlərə ikinci dərəcəli vətəndaş kimi davranılır.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, artıq bir müddətdir Ermənistan KİV-lərində sakinlərlə bağlı çox sayda məskunlaşma probleminin olduğu bildirilir və onların narazılıqları ictimailəşdirilir.
Məlumata görə, onlar kirayə ev, iş tapmaqda çətinlik çəkir, lazımı sənədləri ala bilmirlər. Hətta Ermənistan vətəndaşlığı almaq üçün qeydiyyatdan keçmələrinə də problem yaradılır. İrəvan hakimiyyətinin verdiyi “qaçqın” statusunu alan şəxslər isə dövlət idarələrində iş tapa bilmirlər. Şirkətlər vakansiyalar üzrə CV göndərən həmin şəxslərlə əlaqə saxlayıb onları işə götürə bilməyəcəklərini deyirlər.
Sakinlərdən biri olan Hrzin Abramyan deyir ki, onlar artıq sentyabrın 19-dan bu yana ödənişlərini ala bilməyiblər. İrəvandakı banklardan birində onun hesabında məbləğin köçürüldüyü bildirilsə də, ödənişin bütövlükdə kredit üçün avtomatik çıxarıldığı deyilib. Qarabağ sakinlərinin yoxsulluqla üz-üzə qaldığı bildirilir.
Karine adlı bir Qarabağ ermənisi isə deyir ki, Ermənistan hakimiyyəti sakinlərin qondarma rejimdə hansı vəzifədə çalışıblarsa, ölkədə də eyni strukturda, eyni vəzifədə çalışacağı vədini verib. Lakin oğluna öz vəzifəsi üzrə müraciət etdiyi hər yerdən imtina cavabı gəlir.
Məsələ ilə bağlı səlahiyyətli şəxs olan baş nazirin müavini Tiqran Xaçatryanın heç bir suala cavab vermədiyi, şikayətlərə laqeyd yanaşdığı deyilir. Bu da Qarabağdan gələnlərin ciddi narazılığına səbəb olub. İnsanlar çarəsiz duruma düşdüklərini bildirirlər.