AzerTimes Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, deputat Dmitri Savelyev Azərtac-a müsahibəsini təqdim edir:
– Dmitri İvanoviç, bu yaxınlarda RF XİN son vaxtlar Cənubi Qafqazın bu ölkəsində Rusiya tərəfində suallar doğuran silsilə hadisələrlə əlaqədar Ermənistanın səfirini çağırıb. Ermənistan, bu arada, çoxdandır ki, qonşularının səbir kasasını doldurub. Necə hesab edirsiniz, indi səbir kasasını dolduran son damla nə oldu?
– Cavab aydınıdır: Moskva İrəvanı həmişə özünün etibarlı müttəfiqi kimi qəbul edib. Məlum oldu ki, bu əminlik mahiyyətcə illüziyadır. Qərb bizim güzəştlərimizi və münaqişələrdən qaçmaq cəhdlərimizi zəiflik kimi qəbul edib, İrəvan isə özünün Moskva üçün əhəmiyyəti və vacibliyinə çox inanıb. Görünür ki, yaxşı münasibətlər rəsmi İrəvanda öz mövqelərinin yenilməz olması barədə əsası olmayan əminlik yaradıb. O dərəcədə ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, “dərin təhlil” aparmaq lazım gəlib. Hələ ki, Rusiya Ermənistanın hərəkətlərini birmənalı “dönüş” kimi qiymətləndirmir, amma artıq bu ölkənin Moskvanın Qafqazda etibarlı müttəfiqi olmasına dair şübhələr yaranıb. Məhz bu şübhələr İrəvanın əvvəlki əminliyi ilə ziddiyyət şəraitində və Qərblə sivilizasiya müharibəsi fonunda Ermənistanın davranışına belə diqqət cəlb edib.
– Lakin Ermənistandan soruşsan, yəqin ki, Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olmaqla, Rusiyanın “birinci başladığını” deyəcək.
-Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin də haqlı olaraq dediyi kimi, Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Amma bu etirafa baxmayaraq, biz aydın şəkildə görürük ki, İrəvan beynəlxalq hüquq çərçivəsində Azərbaycan tərəfi ilə konstruktiv müzakirələrdən ardıcıl şəkildə yayınır. Bu, mahiyyət etibarilə, son vaxtlar rəsmi İrəvana xas olan tipik strategiya – təxribatlar, humanitar məsələləri siyasiləşdirilməsi, öz öhdəliklərindən yayınma və s. hallardır. Qarabağda qondarma “prezident seçkiləri”nin də kökü burdan qaynaqlanır. Təbii ki, dünyanın heç bir ölkəsi bu “seçkiləri” tanımadı. Daha bir çox tipik örnək Ağdam yolunun açılması ilə bağlıdır. Ermənistan hər yerdə bağırır ki, Qarabağda erməniləri sıxışdırır, Laçın yolu ilə ərzaq daşınmasına və insanların gediş-gəlişinə əngəl yaradırlar, bu səbəbdən tibbi yardım göstərilməsi çətinləşib. Bununla yanaşı, Ağdamdan keçən digər nəqliyyat yolu analoji olaraq bağlanıb və bunu azərbaycanlılar etməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin hamısının razı olduğu variant təklif edib: Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yükləri üçün Ağdam yolunu açmaq, bir sutka sonra isə Laçın yolunda hərəkəti bərpa etmək.
Lakin razılıq əldə edildikdən dərhal sonra Qarabağdakı qondarma rejim tərəfindən hər iki yolun paralel şəkildə açılması, Azərbaycan mallarının gətirilməməsi, Birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı hərbi cinayətlərdə ittiham olunan şəxsin (Vaqif Xaçatryanın-red.) təcili olaraq azad edilməsi üzrə əlavə şərtlər irəli sürülüb. Nəticədə, Laçın yolu açılmamış qalır. Elə bu yaxınlarda qəribə mənzərənin şahidi olduq: Rusiya Qırmızı Xaçının humanitar yükünü daşıyan Rusiya yük maşınına yoldan keçməyə imkan verilmədi. Son nəticədə, yük buraxıldı, amma Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin iki yük maşını hələ də gözləyir ki, aqressiv erməni radikalları Ermənistanın inandırmağa çalışdığı kimi, Qarabağın “aclıq çəkən” sakinlərinə yardım edilməsinə nə vaxt icazə verəcəklər.
– Sizin fikrinizcə, Rusiya bu şəraitdə nə etməlidir?
– Hələ ki, nəticə çıxarmaq tezdir. İndi söhbət rəsmi İrəvanın gərginliyin azaldılması üzrə işləmək istəməməsindən gedir. Eyni vaxtda iki stulda oturmağa Ermənistanın nə resursları, nə də siyasi çəkisi yetərli deyil. Çox ümid edirəm ki, sonunda sağlam məntiq qalib gələcək.