Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin Ermənistana təxliyəsinə hazırlığın getdiyinə dair məlumatlar yenidən gündəmə gəlib.
AzerTimes xəbər verir ki, sosial şəbəkələrdə separatçı rejimin qondarma “dövlət naziri” Ruben Vardanyanın imzası ilə təxliyə haqda qərar yayılmışdı. Qondarma rejim bunu təkzib etdi, lakin ermənilər buna inanmır.
Əsas iddia belədir ki, fevralın 1-də Qarabağdakı ermənilərin təxliyəsi üçün 50 avtobusun ayrılması qərarı var. Təbii ki, getmək istəyənlər gedəcək, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edəcək.
Özünü “ezoterik mütəxəssis” kimi təqdim edən İnqa Xosroeva adlı qadın “Witch’s Cabin – 2” Yutub kanalında çıxışı zamanı təxliyənin gündəmdə olduğunu iddia edib.
Erməni qadın iddia edir ki, Ruben Vardanyan, əslində gizli İngiltərə vətəndaşıdır, onun bölgəyə gəlişi də ərazinin Azərbaycana təhvil verilməsinə hesablanıb. Onun bu iddiası daha çox konspirologiyaya bənzəyir, hərçənd, fevralın 1-də təxliyənin olacağı iddiasında israrlıdır.
“Vardanyan 16 noyabr 2022-ci il tarixində qərar imzalayıb, bu qərara görə 1 fevral 2023-cü ildə Qarabağdakı ermənilərin çıxarılması üçün 50 avtobusun ayrılması planlaşdırılır. Ermənilərin çıxarılmasından sonra isə Vardanyan özü İngiltərəyə uçacaq. Sonra da deyəcəklər ki, “biz hər şeyi etdik, heç nə alınmadı”. Beləliklə, biz 1 fevralı gözləyirik. Əgər bu tarixdə olmayacaqsa, o demək deyil ki, baş verməyəcək, sadəcə vaxtı uzadacaqlar və növbəti 2 ayda həll edəcəklər”, – o iddiasını bu sözlərlə tamamlayıb.
Təbii ki, bu iddianın nə qədər doğru, yaxud yalan olduğunu demək çətindir. Lakin mövcud reallıq Qarabağda yaşayan erməni əhalinin iki seçimdən birini etməyin zəruriliyini hər keçən gün daha da artırır: ya Azərbaycan cəmiyyətinə inteqrasiya edib, bərabərhüquqlu vətəndaş kimi yaşayacaqlar, ya da Qarabağı tərk edəcəklər.