Füzuli. Trend:
ANAMA tərəfindən həyata keçirilən mina və partlamamış hərbi
sursatlardan (PHS) təmizləmə əməliyyatlarına Xorvatiyanın DOK-İNG
şirkətinin istehsalı olan MV-10 və MV – 4 mexaniki minatəmizləmə
maşınları qatılıb.
ANAMA -dan AzerTimes-a verilən
məlumata görə, şirkət ilə bağlanmış müqaviləyə əsasən ümumi olaraq
11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınlarının ölkəyə
gətirilməsi nəzərdə tutulub. Qeyd edilən maşınlardan artıq 10 ədədi
Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk
yarım illiyinədək çatdırılması planlaşdırılır.
“Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10
maşınları 3000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV-4
maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Maşınlar böyük meyl
bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə
edilir.
Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən
asılı olmayaraq işləmək imkanına malikdir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”ə əsasən Böyük Qayıdış proqramının əsas
istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər
partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz
qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin
yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə
humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə
genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir”, –
məlumatda qeyd olunur.