Ağdam. Aslan Məmmədli – Trend:
Qarabağda taxıl biçini başlayıb. AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu bölgədə arpa və buğda biçininin gedişini izləyib, fermerlərlə söhbətləşib.
Sahibkarlar bildiriblər ki, biçin sürətlə davam edir və heç bir problem yoxdur. Bu il məhsuldarlıq yüksəkdir, texnika sarıdan da heç bir çətinlik yaranmayıb.
Fermer Məhəmməd Hüseynov hesab edir ki, bu il əvvəlkindən daha çox məhsul götürəcək: “Biçinə başlamışıq, məhsulumuz bol olacaq. Texnika ilə təmin olunmuşuq. Heç bir problemimiz yoxdur. Əminik ki, gələn il azad edilmiş ərazilərdə daha çox taxıl əkəcəyik və ölkəmizə daha çox xeyir verə biləcəyik”.
Ağdam Arqar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədovun sözlərinə görə, bu il əvvəlkindən daha çox sahədə taxıl əkilib: “Bu il ilk dəfə azad edilmiş bəzi ərazilərdə də əkin aparılıb. Hazırda intensiv biçin gedir. Fermerlərimiz növbəti mövsümdə azad edilmiş ərazilərdə daha çox taxıl əkməyi planlaşdırır”.
Sahibkar Möhübbət Hüseynov da məhsulun bolluğundan razıdır. O, qeyd edib ki, bu il əkini böyük həvəslə aparıblar: “Torpaqlarımız işğaldan azad edilib, rahatlıqla əkin-biçin işlərimizi görürük. Ərazilər minalardan təmizləndikdən sonra əkin sahələrimiz genişlənəcək və biz taxıl istehsalını artıracağıq”.
Videoreportajı təqdim edirik: