Qarabağda seysmik stansiyaların yenidən quraşdırılmasına hazırlıqlar başlanıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Qarabağda əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən quraşdırılmasına hazırlıqlar başlanıb.

RSXM-dən AzerTimes-a verilən məlumata görə, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Qarabağın işğalına qədər ərazinin seysmik şəraitinin öyrənilməsi, geoloji-tektonik quruluşunun dəqiqləşdirilməsi, burada dövlət əhəmiyyətli layihələrin seysmik davamlı olması və ərazidə baş verən zəlzələlərin tədqiqi RSXM-nin əsas elmi istiqamətlərdən biri olub:

“İşğaldan əvvəl bu ərazilərdə RSXM-ə məxsus seysmik stansiyalar fəaliyyət göstərib, ərazinin seysmikliyi yaxından izlənilib. Həmin məlumatlar əsasında ərazinin seysmik aktivlik xəritələri də tərtib edilib. Eyni zamanda ərazidə gərginliyin təsirindən geofiziki sahələrin dəyişməsi izlənilib.


İşğal dövründə RSXM-nin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib. Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələr aparılmayıb. Artıq RSXM-də bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən quraşdırılmasına hazırlıqlar başlanıb”.

Q.Yetirmişli deyib ki, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir RSXM-nin seysmik stansiyaları fəaliyyət göstərir:

” Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa işğaldan azad olunmuş rayonlarımızda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Artıq RSXM-nin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb. Bundan başqa, Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları var. RSXM yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırır. RSXM həmçinin yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcək”.

Teqlər: