Qarabağda qanunsuz istismar faktları… – Sədr

Qarabağda qanunsuz istismar faktları… – Sədr

Azərqold QSC-nin fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına da xüsusi diqqət ayırır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Azərqold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan və bəzi Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə “Azərqold” fəaliyyətini bu gün də davam etdirir:

“Vətən müharibəsindən daha əvvəl, 2018-ci ildə başlatdığımız bu proses torpaqlarımız düşmən işğalından azad edildikdən sonra daha geniş miqyas alıb. 2022-ci ildən “Azərqold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir”.

Z.İbrahimov qeyd edib ki, həmçinin Azərqold QSC 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb:

“Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki, biz “Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqat aparmağı planlaşdırsaq da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərini icra etmişik. İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub. Hazırda ərazi Minatəmizləmə Agentliyi – ANAMA-nın mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir”.

O bildirib ki, torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq tədqiqat ərazisində hiperspektral peyk çəkilişləri həyata keçirilib:

“Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1 624 km2 sahədə aparılıb. Bundan başqa, Prezidentin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəmiyyətimizin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. 2022-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən xalqımızın mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə “Azərqold” olaraq dəstəyimizi davam etdiririk”.

Teqlər: