Qarabağda mədəni irsin işğaldan sonrakı vəziyyəti ilə bağlı ən düzgün məlumatları dünyaya çatdırmaq üçün UNESCO beynəlxalq missiyasının bu regiona təşkili zəruridir. Hesab edirəm ki, reallığı göstərmək üçün bu ən güclü vasitədir.
AzerTimes-ın məlumatına görə, bunu “lagazetteaz.fr” onlayn fransız qəzetinə müsahibəsində Fransa Mili Assambleyasının deputatı Frederik Düma deyib.
“Düşünürəm ki, UNESCO missiyasının təşkili çox önəmlidir, çünki bu missiya olanları daha obyektiv şəkildə göstərəcək. Bizim də bir qrup fransız deputatı ilə Qarabağa səfərimizin əsas məqsədi ərazilərin işğaldan sonra hansı vəziyyətə salındığını göstərmək idi”-deyə o qeyd edib.
Düma qeyd edib ki , Azərbaycan multikulturalizmin, dinlər və mədəniyyətlərin mühafizə olunmasının əsas nümunəsidir və Bakıda sinaqoqlar, erməni kilsəsi, məscidlər bir-birilə qonşudur.
“Azərbaycan çoxmədəniyyətli, çoxdinli və azlıqların hüquqlarını qoruyan bir dövlətdir. Hesab edirəm ki, Azərbaycanın dünyəvi, mədəniyyət və dinləri qoruyan mutikultural bir ölkə olmasını daim təbliğ etmək lazımdır”, – fransalı deputat bildirib.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə münasibət bildirən, Düma hesab edir ki, bu qurum ona verilən rolu, yəni neytrallıq, qərəzsizlik və ədalətlilik rolunu icra etməlidir: “Minsk Qrupu xalqların birgə yaşaya bilməsi üçün sülh yolunu göstərməli və imkanlar yaratmalıdır. Əlaqələri nizama salmaq lazımdır”-deyə fransalı deputat əlavə edib.
İkinci Qarabağ müharibəsi dövründə Fransa Milli Assambleyasında qəbul olunmuş “Dağlıq Qarabağ Respublikasının tanınmasının zərurəti” haqqında qətnamədən danışan Düma vurğulayıb ki, səsvermədə çox az sayda deputat iştirak etmişdi.
“Lakin bu sənəd qabul olunmuşdu. Fransada bəzi dairələr “Biz ermənilər sizə daha yaxınıq, biz də həmçinin xristianıq və s. ” deyən erməni icmasına inanaraq sanki onları qorumaq məqsədilə sözügedən qətnamənin lehinə səs verdilər. Fransa höküməti buna vaxtında heç bir münasibət bildirməməklə çox böyük səhvə yol vermiş oldu. Azərbaycanda bu qətnamədən sonra Fransaya qarşı artıq bir güvənszlik formalaşdı. Buna görə də, mən hesab edirəm ki, sözügedən qətnamənin qəbulu siyasi bir səhvdir”- deyə Düma əlavə edib.