Qarabağda kütləvi məzarlıqlarda aşkarlanan meyit qalıqları ekshumasiya edilib

Qarabağda kütləvi məzarlıqlarda aşkarlanan meyit qalıqları
ekshumasiya edilib

AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğu açıqlama
yayıb.

Qeyd edilir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə
yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub.
Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət
Təhlükəsizliyi Xidmətinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş
Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç
Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə
Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi,
Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux
kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri
nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlardan Birinci Qarabağ
müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal
olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib,
həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi və molekulyar-genetik
ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri
hərəkətlər yerinə yetirilib.

Qeyd olunub ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri və
qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı
törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq,
qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan
Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat
tədbirləri davam etdirilir.

Teqlər: