I Qarabağ savaşı zamanı itkin düşənlər arasında 719 nəfərin mülki şəxs olması onu göstərir ki, Ermənistan tərəfi beynəlxalq birlik tərəfindən qəbul edilmiş müharibə qanunlarına pozub və hərbi cinayətlər törədib.
Bu sözləri AzerTimes-a açıqlamasında hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov I Qarabağ savaşı zamanı 3890 nəfər Azərbaycan vətəndaşın itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınması ilə bağlı açıqlamasında deyib.
“Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsinə və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilib. Sənəddə eyni zamanda hərbi əsirlərlə davranış qaydaları müəyyən olunub. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törədib”, – hüquqşünas bildirib.
S.Vəkilov 44 günlük müharibədən sonra Xocavənd rayonunun Edilli kəndində və Fərrux yüksəkliyində tapılan cəsədlər barədə də danışıb:
“Ekspertlərin fikrincə, onlar I Qarabağ müharibəsi zamanı əsr götürülmüş və bundan sonra itkin düşmüş elan edilmiş Azərbaycan vətəndaşlarıdır. Həmçinin burada soyqırım cinayətinin də tərkib əlamətlərinin olması şübhə doğurmur. Sözügedən məzarlığın aşkar edilməsi 3 aspektdən qiymətləndirilməlidir: 1. Əsir, girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının şəxsiyyətinin müəyyən edilərək onların ailələrinə təhvil verilməsi; 2. Soyqırım cinayətlərinin tərkibi olan bu cinayətin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) səviyyəsində qiymətləndirilməsinə nail olmaq; 3. Hərbi əsirlərlə qeyri-insani davranış.
Beynəlxalq hüquqa görə, soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri” kimi nəzərdə tutulub. Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsində birdəfəlik məhkəmələrin təşkil olunması var. Bu presedent belə iddialar qaldırmağımıza imkan verir. Hesab edirəm ki, bu sahədə görülən işlər müsbət qiymətləndirilməli və daha da intensivləşdirlməlidir”.