Qarabağda iri şəhərlərin salınması vacibdir – Coğrafiyaçı alim

Xəbər - İlhamə İsabalayeva – Trend:

İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafını təmin etmək üçün urbanizasiya başlıca rol oynayır. Ona görə də Qarabağın tezliklə bərpa olunmasında, sosial iqtisadi durumunun dirçəlməsində xüsusən əlverişli imkanları olan iri şəhərlərin salınması vacibdir.

Bunu AzerTimes-a akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov deyib.

Onun sözlərinə görə, burada əhalisi bir neçə yüz min nəfər olan şəhərin yaradılması regionun inkişafı üçün mühüm addım olar.

Z.Eminov qeyd edib ki, mineral xammal ehtiyatları ilə zəngin Kəlbəcər rayon ərazisində 8 filiz mədəni, 19 tikinti materialları yatağı, 7 mineral termal su yatağı, eləcə də Söyüdlü (Zod), Ağduzdağ, Qızılbulaq qızıl yataqları movcuddur. Ərazinin təbii şəraiti və mövcud imkanları burada inkişaf etmiş iri sənaye şəhərlərinin salınması üçün geniş imkanlar açır:


Alimin fikrincə, Xocalı və Ağdam şəhərlərinin inkişaf etdirilərək birləşdirilməsi, vahid bir məntəqə kimi yaradılması qarşıda duran ən vacib vəzifələrdən biri kimi müəyyən edilməlidir. Yaxın 10 il ərzində əhalisinin sayını 500.000-ə çatdırmaqla, Bakı ilə rəqabət apara biləcək ikinci bir iri sənaye şəhəri əldə etmək mümkündür:

“Azərbaycanda əhali Abşeron yarımadasında cəmlənməkdə davam edir. Gəncənin əhalisi uzun müddətdir ki, zəif templə artır və yuxarı qalxmır. Bu, təsərrüfatın inkişafı üçün də, demoqrafik inkişaf üçün də böyük problemlər yaradır. Uzun müddət paytaxt olmuş Xankəndi vaxtilə respublikanın inkişaf etmiş sənaye mərkəzi olduğundan oranın əhalisi 65 minədək artmışdı”.

Teqlər: