Xəbər - Samir Əli – Trend:
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi regionun iqtisadi resurslarının səfərbər olunması üçün şərait yaradıb.
Bunu AzerTimes-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
O bildirib ki, son illər Azərbaycanda həyata keçirilən sənaye quruculuğu siyasəti ölkəmizin bütün regionlarını əhatə etməkdədir: “2020-ci ilin sosial-iqtisadi göstəricilərinə müvafiq olaraq, sənaye məhsulunda 5 faiz tənəzzül olmasına baxmayaraq, qeyri-neft sənayesində 12,5 faiz artım müşahidə edilib. Pandemiya dönəmində qeyri-neft sektorunun sənaye bölməsindəki payın artımı müsbət amil kimi qiymətləndirmək mümkündür. 22 yanvar 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılan İqtisadi Zonaların İnkişafı Agentliyi institutsional islahat kimi sənaye parklarının, sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafında əhəmiyyətli rol oynayacaqdır”.
Departament rəhbəri bildirib ki, Qarabağın iqtisadi inkişafında rol oynayacaq müxtəlif iqtisadi parametrlərin tədqiqatı və təhlili davam etdirilir: “Belə ki, Qarabağın daxili tələbatının ödənilməsi, habelə ölkənin qeyri-neft sektoruna töhfəsini verə biləcək və müqayisəli üstünlüyə malik sektorlarının inkişafına daxili və xarici investisiyalar qoyulacaq. Hal-hazırda Qarabağın kənd təsərrüfatı və mədən sənayesinin inkişafı istiqamətində fundamental baxış bucağı formalaşıb. Aqrar sənayenin inkişafı istiqamətində rayonların müqayisəli üstünlüyə malik sahələri öyrənilməkdədir. Habelə, Kəlbəcər və Zəngilan rayonlarında yerləşən qızılın hasilatı və ixracı üçün müvafiq dövlət şirkətinin geniş təcrübəsi mövcuddur. Bu baxımdan, Qarabağın qeyri-neft sənayesinin artımına təsirləri daxili və xarici investisiyaların qoyulması və məşğulluğun təmin edilməsindən sonra baş verəcək”.