Qarabağda erməni qüvvələri: Ordumuz addım ata bilər

Qarabağda erməni qüvvələri: Ordumuz addım ata bilər

Təqdim olunan siyahı və koordinatlara diqqət yetirdiyimiz zaman rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Ermənistan ordusunun qalıqlarının hərbi obyektlərinin əsasən Sırxavənd-Qarakənd-Şuşakənd üçbucağında yerləşdiyi məlum olur. Məhz bəhs etdiyimiz istiqamətdə onlara aid 13 hərbi obyekt aşkarlanıb.

Bu sözləri AzerTimes-a “Bez Tormozov” Teleqram kanalının Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində Ermənistan ordusunun qalıqlarının hərbi obyektləri ilə bağlı hazırladığı yeni siyahı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, hərbi obyektlərin ikisi Çıldıran və İmarət Qərvənd istiqamətindədir:

“Onlar böyük ehtimalla Sərsəng su anbarının hava hücumundan müdafiəsini təşkil edirlər. Siyahıda həmçinin Çardaqlı-Papravənd istiqamətində yerləşən üç hərbi obyekt, Təpəkənd–Ağdərə istiqamətindəki dörd hərbi obyekt, Turşsuda isə bir hərbi obyektin koordinatı var. Görünən odur ki, Ermənistan ordusunun qalıqları əsasən Şuşa-Ağdam və Xocavənd istiqamətində yerləşdirilib.

İstənilən halda dərc olunan bu xəritə böyük ehtimalla doğrudur. Fikrimcə, Qarabağda onlara aid olan hərbi obyektlərin sayı siyahıda göstəriləndən daha çoxdur. Ölkəmizin güc strukturlarının və xüsusi xidmət orqanlarının da sözügedən məsələ ilə bağlı təfsilatlı şəkildə məlumatlı olduğuna əminəm”.

Ədalət Verdiyev təqdim olunan siyahının rus sülhməramlıların öz vəzifələrini yerinə yetirmədiklərini bir daha sübut etdiyini vurğulayıb:

“Bu, həm də ekofəalların Laçın yolunda aksiyaya başladığı 12 dekabr 2022-ci il tarixinədək bölgəyə qanunsuz şəkildə külli miqdarda silah-sursat daşındığını sübut edir. Əks təqdirdə bu hərbi obyektlərin qurulması və fəaliyyət göstərməsi qeyri-mümkündür. Baş verənlər, bölgədəki mövcud vəziyyət Azərbaycana adekvat, təsirli və səmərəli addımlar atmaq üçün əlavə imkanlar verir”.

Teqlər: