Azərbaycanın Qarabağ iqtisadi zonasında rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yerləşdirilən ermənilərin içindən daha bir nəfər “hərbi sirləri satdığına görə” həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İddia edilib ki, adı açıqlanmayan erməni silahlı qanunsuz silahlı birləşmələrin yeri, sayı, texnikası, “döyüş növbətçiliyi” haqda məlumatları 1500 dollara satıbmış.
Erməni qanunsuz silahlı birləşməsində olan şəxsin məlumatları kimə, niyə ötürdüyü haqda hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, bu faktın özü Ermənistanın Azərbaycanın rus sülhməramlılarının nəzarətində olan ərazidə qanunsuz fəaliyyətinin daha bir etirafıdır. Belə ki, Ermənistan qanunsuz silahlı birləşmələrini hələ də Azərbaycan ərazisində saxladığını, onların hətta rus sülhməramlıları ilə birgə “döyüş növbətçiliyi” etdiyini də bildirir.
O ki qaldı həmin “məlumatların” guya satılmasına, əlbəttə, məlumatda Azərbaycanın adı çəkilməsə də, ölkəmizin qəsd edildiyi bəllidir. Halbuki Azərbaycan Qarabağda yerləşən bir ovuc erməniyə də, erməni qanunsuz silahlılarının “mövqelərinə” də dəqiqliklə nəzarət edir və bundan ötrü hər hansı “xainə” də ehtiyac yoxdur. Azərbaycan peyk imkanları və Ordumuzun hazırda tutduğu mövqelər ərazilərimizin rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsini də tam nəzarətdə saxlamağa imkan verir.
Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyev də Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində nələr baş verdiyini, gün ərzində Laçın yolu vasitəsilə ora kimlərin girib çıxdığını admaad bildiyimizi rəsmən elan etmişdi.