Rusiyalı jurnalist İrina Tumakova Xankəndi səfəri ilə bağlı “Novaya qazeta”da irihəcmli reportaj dərc edib.
AzerTimes xəbər verir ki, olduqca mühüm məlumatların olduğu materialda ilk diqqəti cəlb edən məqamlardan biri İrina Tumakovanın Xankəndiyə gəlişi zamanı rus sülhməramlı kontingentinin zabiti ilə olan telefon söhbətidir.
Müəllif bildirir ki, Laçın yolu ilə gələrkən Rusiya sülhməramlı kontingentindən ona zəng gəlib. Andrey Valeryeviç olduğunu bildirən zabit dərhal da soruşub:
– Mənə məlumat verdilər ki, siz Xankəndiyə getmək istəyirsiniz. Niyə?
İ.Tumakova azərbaycanlı ekofəalların təşkilatçılığı ilə həyata keçirilən blokada şəraitində Qarabağdakı insanların necə yaşadığını öyrənmək istədiyini bildirib.
“- Blokada? – Andrey Valeryeviç qəhqəhə çəkdi. – Onlar çox gözəl yaşayır, əvvəlkindən də yaxşı. Blokada bizə, sülhməramlılara aiddir. Qiymətlər sadəcə havada uçur. Məsələn, 10 yumurta – 300 rubladır. Bu, normaldırmı? 300 rubl! Blokada təşkil edənlər ermənilərdir, bizə bu qiymətə yumurta satırlar”, – reportajda bildirilir.
İ.Tumakova etiraf edir ki, Azərbaycanlıların nəzarətində olan hissələrdə yüksək səviyyəli yollar çəkilir, ancaq Xankəndi istiqamətində yol çox dardır. Buna baxmayaraq, “ötən dəfə” gələrkən Laçın yolunun daha acınacaqlı olduğunu xatırladan müəllif yeni yolun keyfiyyətli olmasından bəhs edir – ancaq Laçın şəhərindən yan keçən bu yolu Azərbaycan tərəfinin çəkdiyinə müəllif heç bir işarə etmir.