Qarabağda biznes qurmaq üçün sahibkarlardan KOBİA-ya 929 müraciət daxil olub – Orxan Məmmədov

Xəbər - Humay Ağacanova – Trend:

Bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 929 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, daxil olan 441 müraciət investisiya layihələri, 488-i isə digər iş və xidmətlərin, əsasən podrat əsaslı layihələrin həyata keçirilməsi ilə bağlı olub.

“Müraciətlərin 27%-i tikinti işlərini, 27%-i ticarət və xidmət sahəsini, 20%-i sənayeni, 18%-i kənd təsərrüfatını və digər 8%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.

Müraciətlərin 111-i Şuşa, 109-u Ağdam,62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlıvə 13-ü Laçına investisiya yatırılması ilə bağlı olmuşdur. Həmçinin, 485 müraciətçı Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirmişdir. Xarici investorlardan daxil olmuş müraciətlərə gəldikdə isə ümumilikdə 31 ölkə üzrə 305 layihə daxil olmuşdur. Bunlardan Türkiyə, İran, Rusiya, İsrail və Qazaxıstandan olan müraciətlər say olaraq üstünlük təşkil edir “, – deyə O.Məmmədov bildirib.

Teqlər: