2018-ci ilin mayında Ermənistanda yeni siyasi qüvvənin hakimiyyətə gəldiyi andan Qarabağın təslim ediləcəyi bəlli oldu, amma biz bunun tam olaraq belə olduğunu təsəvvür etmirdik.
AzerTimes xəbər verir ki, bunu erməni mediasına açıqlamasında rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” kimi çox ziddiyyətli bəyanatlar verdi və sonra anlaşılmaz addımlar atdı:
“Bu, onu deməyə əsas verir ki, Ermənistan hökuməti Qarabağ məsələsi üzrə fəaliyyət ssenarisi hazırlamayıb və müharibədən qaçmaq, Qarabağın xüsusi statusunu müəyyən etmək, Azərbaycanla razılığa gəlmək və regionda vəziyyəti sabitləşdirmək və Azərbaycanla normal birgəyaşayışı təmin etmək üçün mövcud imkanları əldən verib.
İndi İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra ermənilər Qarabağı tərk edəndə Ermənistan sülh müqaviləsi imzalamağa çalışır ki, bunu ermənilər özləri ikinci kapitulyasiya aktı kimi qəbul edəcəklər. Biz ermənilərə kömək edə biləcək resurs və qüvvələri görmürük”.
Tarasov bildirib ki, Ermənistan Qarabağı itirməklə Rusiyanı da müttəfiq və tərəfdaş kimi itirməyə başladı:
“Ermənistan hakimiyyəti ermənilərin əvəzinə KTMT ölkələrinin döyüşməsini istəyirdi? Biz ki erməniləri Suriya və ya Ukraynada döyüşməyə dəvət etməmişik! Rusiya ilə münasibətləri korlayan Ermənistan özünü Qafqaz dağlarında tamamilə təcrid olunmuş vəziyyətdə, Türkiyə və Azərbaycanın yanında gördü. Ermənistan hakimiyyəti öz ölkəsinin xəritəsinə baxırmı? Onlar necə siyasət qururlar?
Söhbət ondan gedir ki, Ermənistan hakimiyyəti bu vəziyyətə səriştəli yanaşmalı və tərəfdaşlarının tövsiyələrini dinləməli idi. Putin Qarabağ məsələsini ermənilərin özlərinə xeyir verəcək şəkildə həll etmək üçün əldən verilmiş imkanlardan açıq danışıb”.