Qarabağda 7 yolun tikinti işlərinə start verildi

Qarabağda 7 yolun tikinti işlərinə start verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan hesabat iclası keçirilib.

AzerTimes xəbər verir ki, Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulduğunu, bu layihələrdən 7-nin tikintisinin artıq başa çatdığını, proqrama əsasən digər avtomobil yolları layihələrinin 2026-cı ilədək başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 19-da lokal antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolları üzrə tikinti işlərinə artıq start verildiyini qeyd edən Kamran Əzizov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş şəhər ərazilərində yerləşən küçə və yolların layihələndirilməsi və yenidən qurulması işlərinə başlanılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cari ilin beş ayı ərzində ümumilikdə 70,5 min nəfər əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 km uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası davam etdirilib. Bununla yanaşı paytaxt Bakı ərazisində də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən tikinti və təmir işləri davam etdirilib.

Teqlər: