Xəbər - Fərid Zöhrabov – Trend:
Ordumuz torpaqlarımızı erməni işğalından azad etməklə yanaşı
Qarabağın turizm potensialından yararlanmaq fürsəti açdı.
Ermənilərin torpaqlarımızı işğal edərkən dağıntıya məruz qoyduğu
ərazilərimizə “Zəfər marşrutları” konsepsiyası çərçivəsində
“Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” marşrutları hazırlanıb.
“Yolumuz Ağdama” marşrutuna erməni səngərləri və müdafiə
istehkamları, üzüm tənəklikləri, Qarabağ xanlarının türbələri və
yaşayış evi, Ağdam Cümə Məscidi, Ağdam şəhər mərkəzi, Çörək muzeyi,
Ağdam Dram teatrı, Allahverdi Bağırovun qəbri, Qiyaslı kənd
məscidi, Şahbulaq qalası, Beşikdağ alban kilsəsi, Xaçınçay su
anbarı, Qutlu Musa türbəsi daxildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm
Agentliyindən məlumat verilib.
“Füzuli-Xocavənd” marşrutu Füzulinin məhv edilmiş üzümlükləri və
dağıdılmış kəndləri, hərbi istehkamlar və mökəmləndirilmiş
mövqelər, Köndələncay su anbarı, Füzuli rayon mərkəzi, Tuğ kəndi,
Azıx və Tağlar mağaraları, Hadrut, döyüş bölgəsi olmuş qaya və
panoramik görüntü, Qarğabazar karvansarayını əhatə edir.
Twitter:@FaridZohrabov