Xəbər - Çingiz Səfərli – Trend:
11 iyul – 8 avqust tarixlərində İrana aid yük maşınlarının Qarabağa qanunsuz keçməsi ilə bağlı Azərbaycan tərəfinin İrana nota verməsinə baxmayaraq, təxribatların yenə də davam etdiyi məlum olub. Məlumata görə, avqustun 11-dən sentyabrın 10-dək Xankəndiyə müxtəlif təyinatlı, əsasən, yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i daha sonra oranı tərk edib. Bu qanunusuz keçmələri gizlətmək üçün hətta müxtəlif hiylələrə də əl atılır. Belə ki, avtomobillər rusiyalı sülhməramlların yerləşdirildiyi zonalara çatdıqda İran maşınlarına erməni qeydiyyat nömrələri yerləşdirilir. Hətta eyni nömrənin müxtəlif maşınlara qoyulması halları da müşahidə olunur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Elxan Şahinoğlu da İrandan Qarabağa yüklərin daşındığını təsdiq edib: “Bu, Ermənistanın da maraqlarına xidmət edir. Ermənistan çalışır ki, qanunsuz yükdaşıma olsun və bununla da Azərbaycan-İran münasibətləri gərginləşsin. Əslində, İran qərar verməlidir ki, Azərbaycan ərazisində bu cür təxribatlara yol vermək olmaz. O hansı şirkətlər, hansı maşınlardır ki, İran hakimiyyətinin istəyi xaricində bu cür pozuntulara yol verir? Bu, mümkün deyil. Deməli, təlimat yoxdur və ticarət naminə belə yükdaşımalar davam edir. Əgər notalara fikir vermirlərsə, Azərbaycanın çağırışlarını qulaqardına vururlarsa, biz də İranla bağlı siyasətimizə düzəliş etmək məcburiyyətində qala bilərik”.
Politoloq qeyd edib ki, Azərbaycan dost-qonşuluq münasibətlərinin tərəfdarıdır, bu, dəfələrlə bildirilib: “Amma görürük ki, belə hallar baş verir. İran bir fakt deyə bilməz ki, Azərbaycan İranın ərazi bütövlüyünə hörmət etməyib və ya hansısa təxribata yol verib”.
E.Şahinoğlu bu məsələdə sülhməramlıların da fəaliyyətsizliyinə diqqət çəkib və onların da təxribatlara bilərəkdən yol verdiklərini vurğulayıb.
Twitter:@cingizsafarli