Bu gün Fransa şəhərləri 10 TIR-la Qarabağ erməniləri üçün “humanitar yardım” göndərib, hətta “yardımı” Paris meri şəxsən müşayiət edir. Bundan əvvəl – 26 iyulda Ermənistan 19 TIR-la 361 tonluq yardım göndərmişdi, sonra 2 TIR da əlavə olundu. İndi sərhədimizdə 31 TIR sıralanıb.
“Humanitar mərkəz” qurmağa başlayıblar, sərhədimizdə geniş şou başladıblar: bütün dünyaya göstərmək istəyirlər ki, bu qədər yük gəlib sərhədə, ancaq Azərbaycan buraxmır, Qarabağdakı ermənilərə qarşı “soyqırım” törədir və s.
Fransa – BMT TŞ-nin daimi üzvü, nüvə gücü, dünyanın ən qüdrətli ölkələrindən biri bu qədər ucuz şouya qoşularkən, nələri unudur?
BMT-nin hesabatına baxın: hazırda dünyada 735 milyon ac insan var, bunların böyük əksəriyyəti Afrikadadır. Afrikada acların sayı hesabat dövründə (2022-ci ildə) daha 11 milyon artıb.
BMT ac insanlara yardım üçün hesab da açıb, pul toplamaqla məşğuldur.
Fransa şəhərləri bu ac insanlara yardım etmək üçün hansısa kampaniya aparıbmı? Fransa şəhərlərinin merləri niyə məhz Parisin təsir dairəsində olan ölkələrdəki aclara yardımı birbaşa müşayiət etməyi ağıllarından keçirməyiblər?
BMT-nin hesabatına görə, hər 5 saniyədən bir dünyada bir nəfər acından ölür. Bu “5 saniyə” deyil, “blokada”da olduğu iddia edilən “aylar” müddətində Qarabağda bircə erməni də aclıqdan ölməyib, əksinə, dəbdəbəli toy da keçirirlər, ad günləri də, hələ atəşfəşanlıq da təşkil edirlər.
Qarabağda 40 minə qədər erməni yaşayır, ancaq hətta iddia edilən “120 min” olduğunu qəbul etsək, bu ermənilərin 735 milyon ac insandan üstünlüyü nədədir ki, Fransa məhz bunlara yardım göndərməsi bəs deyilmiş kimi, o yardımlarını şəhər merləri müşayiət edir?
Ermənilərin “ac olması” iddiasına cavab da var: Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım göndərib, düz Xankəndinin burnunun ucundadır. Əgər acdırlarsa, gəlib təmənnasız yardımı götürə, “acından ölməyə” bilərlər.
Ancaq erməni separatçıları inadına “acından ölərik, ancaq türk çörəyi yemərik” bəyanatı verirlər. Bu, artıq ac qalmaq, humanitar böhran deyil, gözgörəsi Azərbaycanın ərazi bütövlüyünə meydan oxumaq, Azərbaycanı parçalamaqdır.
Dünyadakı ac insanların böyük əksəriyyətinin heç öz dövləti də yoxdur, o insanlara yaşadıqları dövlətin ərazisində humanitar yardım da verilmir. Ermənilərin isə öz dövləti var, əlavə olaraq Azərbaycanda məskunlaşdırılanlara da Azərbaycan dövləti hər cür dəstəyi göstərməyə, yardım verməyə də hazır olduğunu sübut edir.
Bəs, dərdiniz nədir? Niyə erməni şıltaqlıqlarına rəvac verilməli, bir ölkənin ərazisinə bu cür qeyri-əxlaqi şəkildə qəsd olunmalıdır?
Aydındır ki, Rusiya ilə mübarizə-müharibədə əsas zərbələrdən birini qüdrətli Fransanın təcrübəsiz, diplomatiyadan anlamayan marionet rəhbəri Makron alır: Afrikada Fransanın təsir dairəsində olan ölkələr bir-bir Rusiyanın nəzarətinə keçir; qətiyyətsiz, siyasətçiyə yaraşmayan Makron Afrika ölkələrinin liderləri ilə hətta səfərə gedərkən, medianın gözü önündə mübahisə edib, pis vəziyyətə qalır: Burkino-Faso, Nigerdən qovulan Fransa bu gün Qabondan dışarı atılır; Rusiya Avropanın siyasi lideri Fransanın maraqlarını darmadağın etməklə məşğuldur.
Fransanın marionet başçısı isə guya Putinə ən ağır zərbəsini endirir, Ermənistanı təsir dairəsinə almağa çalışır: burda Rusiyanı sıxışdırır və ermənilərin işğalçı maraqlarını müdafiə edir.
2020-ci ildə olduğu kimi, Makron bu dəfə də darmadağın edilməyə məhkumdur: Qüdrətli Türkiyənin qonşuluğunda bu cür oyunlar oynamaq, Cənubi Qafqazın ən böyük ordusuna sahib Azərbaycanı görməzdən gələrək, burda təxribatları stimullaşdırmaq nəticə verə bilməz.
Rusiyaya qarşı “ikinci cəbhə” açmaq ehtimalı da sıfra bərabərdir. Əgər hər hansı eskalasiya baş verərsə, Makron yuxudan oyanana qədər Azərbaycan Ordusu separatizmi gecə ilə məhv etməyə qadirdir.
Güc, beynəlxalq hüquq və müttəfiqləri baxımından bütün ağırlıq Azərbaycan tərəfdədir. Fransa sərhədindən min kilometrlərlə uzaqlıqda yerləşən regionda “humanitar böhran” maskası altında bu qədər çılpaq və əxlaqsız oyunu davam etdirmək gücündə deyil.