Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa Zəngilandan start verilir – Vüqar Rəhimzadə

Bu gün dünya şanlı Zəfərimizlə yanaşı, böyük maraqla dirçəlişin
Azərbaycan modelindən bəhs edir. Belə ki, dövlət başçısı İlham
Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş
ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa
edilir. Tarixi torpaqlarımıza Böyük Qayıdış ərəfəsində şəhər və
kəndlərimizin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında
qurulması əsas hədəflərdəndir. Məqsəd 30 ilə yaxın torpaq həsrəti
ilə yaşayan, öz doğma yurd-yuvalarına qayıdacaqları günü
səbirsizliklə gözləyən soydaşlarımızın bu istəklərinə qovuşmaları
fonunda onların rahat şəraitdə yaşamalarının təmin edilməsidir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
tarixi Zəfərimizdən dərhal sonra-16 noyabr 2020-ci il tarixindən
işğaldan azad edilmiş ərazilərimizə başlanan səfərlərinin hər biri
Böyük Qayıdışı daha bir addım yaxınlaşdırır. Hər səfər işğaldan
azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin
sürətləndirilməsinə, yol infrastrukturunun yenilənməsinə,
bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan
elektrik stansiyaları əsasında Qarabağın simasının dəyişilməsinə,
rayonların iqtisadiyyatının inkişafına xidmət edən addımlarla yadda
qalır. Azadlığına qovuşmuş şəhərlərin Baş planları təqdim edilir.
Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş
ərazilərimizdə Prezidentin şəxsi nümayəndəliyi institutunun
yaradılması bərpa-quruculuq işlərinə nəzarət funksiyasını təmin
edir ki, bu da hədəflərə nəzərdə tutulduğu vaxtda nail olmağı
şərtləndirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə
bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, Cəbrayıl və
Zəngilan rayonlarına növbəti səfərləri də sosial obyektlərin
təməlinin qoyulması və açılışı baxlmından zəngin oldu: “Füzuli
rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun
tikintisi ilə tanış olan dövlət başçısı İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu
xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110
kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak
etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Zəngilan rayonunda Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa
Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa
olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal
və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak
etdilər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım
Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu.
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd”
layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən
ölkə Prezidenti Ağalı kəndinin sakinləri ilə görüşündə bu məqama
xüsusi diqqət yönəltdi ki, artıq bayram günləri, tarixi hadisələr
işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur. Ötən il
Müstəqillik Gününü Ağdamda, bu il isə Zəngilanda qeyd edirik.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,
bərpa-quruculuq işlərindən geniş bəhs edən dövlət başçısının qeyd
etdiyi kimi, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad
edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir
Livan ölkəsinə bərabərdir. Yəni, təsəvvür edin, nə qədər böyük iş
nəzərdə tutulur. Minatəmizləmə işi hələ də davam edir.

“Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət
büdcəsindən vəsaitin ayrılması, Qarabağ Dirçəliş Fondunun təsis
edilməsi kimi biri-birindən mühüm addımlar hədəflərə qısa zamanda
çatacağımıza böyük əminlik yaradır. Zəngilan rayonunun Ağalı
kəndində “ağıllı kənd” layihəsinin həyata keçirilməsi
bərpa-quruculuq işlərinin bir hissəsidir” söyləyən Vüqar Rəhimzadə
bildirib ki, dövlət başçısı İlham Əliyev Ağalı kəndinin sakinləri
ilə görüşündə bu fkri xüsusi qeyd etdi ki, bu gün “Böyük Qayıdış”
dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik
addımı bu gün atılır.

“İqtisadiyyatın inkişafı üçün başlıca amil olan ərazilərin
enerji ilə təminatının yüksək səviyyədə təşkili, istehlakçıların
fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz
edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı
təmir-tikinti işləri həyata keçirilir. Səfər çərçivəsində
“Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının
təməlqoyma mərasiminin keçirilməsi də deyilənlərin təsdiqidir.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqların “yaşıl
enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə
uyğun olaraq həmin ərazilərin fasiləsiz və keyfiyyətli elektrik
enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam
etdirilir. Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam
rayonlarında, ümumilikdə, 9 yarımstansiyanın inşası, “Şuşa”
yarımstansiyasının fəaliyyət göstərməsi və sair kimi nəticələr
Qarabağın və Şərqi Zəngəzurun enerji ilə təminatını
şərtləndirəcək”,- deyə YAP Xətai rayon təşkilatının sədri
vurğulayıb.

Vüqar Rəhimzadə diqqəti Prezident İlham Əliyevin Ağalı kəndinin
sakinləri ilə görüşündə söylədiyi “İqtisadiyyatımız nə qədər güclü
inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa
edəcəyik” fikirlərinə yönəldərək bildirib ki, dövlətimizin uğurlu,
düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın
dayanıqlı inkişafı təmin edilir: “Neft-qaz sektorunu iqtisadiyyatın
əsası kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev iqtisadi
artımın qeyri-neft sektorunun hesabına olmasının da vacibliyini
bildirir. 2003-cü ildə irəli sürülən bu tezis iqtisadiyyatın
şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində özünün
aydın ifadəsini tapır. Diqqət çəkən məqamlardan biri də budur ki,
iqtisadi inkişafın dayanıqlığının təmin edilməsində əsas
faktorlardan olan şəffaflığın qorunması işğaldan azad edilmiş
ərazilərdə bərpa-quruculuq işləri çərçivəsində yeniliklərin,
təkmilləşmənin ünvanı olan “ASAN xidmət”, DOST, ABAD mərkəzlərinin
yaradılmasında da özünü qabarıq şəkildə büruzə verir.”

“Azərbaycanın iqtisadi cəhətdən müstəqilliyi beynəlxalq
səviyyədə təqdir olunur. Bu mühüm amil ölkəmizin müstəqil
siyasətində də həlledici rol oynayır” deyən Vüqar Rəhimzadə
bildirib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün
iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil.
Azərbaycan tam müstəqildir, heç kimdən asılı deyil, heç bir
yardıma, kreditə ehtiyacı yoxdur: “Reallıq budur ki, Azərbaycan
işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini də öz
daxili imkanları hesabına həyata keçirir. “Ağıllı kənd” layihəsi
əsasında Zəngilanın Ağalı kəndinin qısa zamanda sakinlərini
qarşılamağa tam hazır olması da ölkəmizin iqtisadi qüdrətinin
təqdimatıdır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə nəhəng
layihələr icra edilir. Azərbaycan istər daxili, istərsə də
beynəlxalq səviyyəli layihələri uğurlu sonluqla başa çatdırmaq
imkanındadır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan tezliklə
böyük investisiyalar məkanına çevriləcək.”

YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş
ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, postmünaqişə
gündəliyinin formalaşmasında da Azərbaycanın öz sözünü dediyini
bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağalı kəndinin
sakinləri ilə görüşündə Azərbaycanın sülh təklifindən də bəhs etdi.
Ermənistan ölkəmizin irəli sürdüyü 5 prinsipi qəbul edib. Təbii ki,
bu gün qarşıda ən vacib məsələ sülh müqaviləsinin imzalanması,
regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, yeni
əməkdaşlıq formatlarının yaradılmasıdır. Ermənistan bu şansdan
istifadə etməklə bölgədə etimad mühitinin formalaşmasına dəstək
olmalıdır. Prezident İlham Əliyev bu çağırışı da etdi ki,
ermənilərin Azərbaycanda – istər Qarabağ bölgəsində, istərsə də
başqa ərazilərimizdə yaşamalarında heç bir problem yoxdur.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir.
Respublikamızda bütün xalqların nümayəndələri bir ailənin üzvləri
kimi əmin-amanlıq şəraitində yaşayır, bütün hüquqlardan istifadə
edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik
olmayıb və olmayacaq. Ona görə də Azərbaycanda ermənilərin
hüquqları, təhlükəsizliyi ölkəmizdə yaşayan digər xalqların
təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi
imtiyazdan söhbət gedə bilməz.”

Teqlər: