Qarabağa səfərlərin təşkili müsbət addımdır – Aydın Mirzəzadə

Xəbər - Çingiz Səfərli – Trend:

Şuşaya və Ermənistanın işğalından azad edilən digər torpaqlara səfərləri diqqətlə izləyirəm. Videolara maraqla baxıram, materialları oxuyuram. Dostlarımla söhbətlərdə onların da belə etdiyinin şahidi oluram.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, bu səfərlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə müsbət rəylərin yazılması da diqqəti cəlb edir:

“Xüsusilə də xaricdə yaşayan həmvətənlərimizin Qarabağa səfərlərinin təşkilini çox müsbət qiymətləndirirəm. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük və faydalı iş görür. Nəinki oradan olub xaricdə yaşayan qarabağlıların, hətta onların xaricdə anadan olmuş övladlarının işğaldan azad edilmiş torpaqlara səfərlərinin təşkili o insanları vətənlə daha sıx bağlayır. Bu səfərlər onların geri qayıtdıqdan sonra yaşadıqları ölkə icitmaiyyətini daha dolğun məlumatlandırılmasına xidmət edir. Polşada təhsil alan Nigar Cəfərova Cıdır düzünə atasının şəklini gətirərək onun ruhunu andı, Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa etdi. Şərait imkan verdikcə, torpaqlar minalardan təmizlənib, gediş təhlükəsiz olduqdan sonra belə səfərlərin sayı daha da artmalıdır. Füzuli aeroportu işə düşdükdən, Zəfər yolu hazır olduqdan sonra isə Şuşaya, Qarabağın bütün bölglərinə səfərlərin sayı daha da artacaqdır”.

Twitter:@cingizsafarli

Teqlər: