Qarabağa köçürüləcək şəxslərin siyahısı kimdəsə var?

Qarabağa köçürüləcək şəxslərin siyahısı kimdəsə var?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial mediada azad edilən ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısının kimdəsə olması məlumatının əsassız olduğunu bildirib.

Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində bərpa-quruculuq işlərinin aparıldığı Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Qeyd olunub ki, qayıdış prosesi ilə bağlı hər bir məlumat “Qaçqınkom”un rəsmi saytında (idp.gov.az) operativ qaydada yerləşdirilir və sosial media hesablarında müntəzəm paylaşılır:

“Təəssüf ki, bəzi şəxslərin sosial media hesablarında Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər barədə həqiqətə uyğun olmayan, yalan məlumatların yayılması hallarına rast gəlinir. Bu günlərdə sosial mediada bir nəfər iddia edib ki, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı var. Belə məlumatların məcburi köçkünlər arasında çaşqınlıq yarada biləcəyini nəzərə alaraq bir daha bildiririk ki, vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə ilə bağlı bütün məsələlərə dair məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə dəqiqləşdirə bilərlər”.

Teqlər: