Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə AzerTimes-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İsveç klubu “Hakken”ə qarşı keçiriləcək görüşlə bağlı Bakı Metropoliteni QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq. Gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlər üçün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.