“Qarabağ Zəfəri”nin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə layihəsi “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi başa çatıb.

Fonddan AzerTimes-a bildirilib ki, 16 mart tarixində Gənclərin İnkişaf və Kariyera Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, rəsm müsabiqəsinin münsiflər heyətinin üzvləri olan Dövlət Rəssamlıq Akademiyasının professorları xalq rəssamı Fuad Salayev, əməkdar rəssam Azad Zeynalov və qaliblər iştirak ediblər. Layihə tərəfdaşı olan TÜGVA-nın sədri Enes Eminoğlu tədbirə onlayn qoşulub.

Layihənin məqsədi Şanlı ordumuzun müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi qələbənin Azərbaycan və Türkiyə gəncləri tərəfindən tərənnümü və zəfər tariximizi gənclər arasında təbliğ etmək, eləcə də Azərbaycan və Türkiyə gəncləri arasındakı əlaqələri möhkəmləndirməkdən ibarətdir. Tədbirdə çıxış edənlər gənclərin vətənpərvər ruhda tərbiyəsi, yaradıcı gənclərə dövlət dəstəyi mexanizmləri, beynəlxalq layihələrdə gənclərimizin iştirakı, o cümlədən gələcəkdə Gənclər Fondu və TÜGVA arasında planlaşdırılan layihələr barədə məlumat vermişdir.

Sonda müsabiqə qalibləri müvafiq sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılmış və rəsm sərgisinə baxış keçirilmişdir.


Qeyd edək ki, müsabiqə müddətində ölkəmizin müxtəlif şəhər və rayonlarından 14-17 yaş aralığında ümumilikdə 200-dən çox gənc öz rəsm əsərləri ilə Fonda müraciət edib. Qiymətləndirməyə əsasən, ilk 3 yerin qalibi mükafat olaraq Türkiyəyə səfər imkanı əldə edib.

Ölkəmizlə yanaşı Türkiyə Respublikasında da “Qarabağ Zəfəri” müsabiqəsinə 400-dən çox gənc müraciət etmişdir.

Teqlər: