Qarabağ zəfərindən sonra Türkiyə-Azərbaycan əlaqələri yeni mərhələyə daxil olub – Deputat

“Qarabağ zəfərindən sonra Türkiyə və Azərbaycan arasında əlaqələr yeni mərhələyə daxil olub, bunu son günlərin intensiv əlaqələri, qarşılıqlı səfərlər və imzalanan sənədlər də təsdiqləyir. Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çoxlu sayda sənədlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Türkiyə üçün Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəri olub. Azərbaycan öz növbəsində həmişə Türkiyə ilə münasibətlərinə bir millət iki dövlət çərçivəsində baxıb.

Eyni zamanda, böyük geosiyasi, geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib”.

Bunu AzerTimes-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Deputat bildirib ki, fevralın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Həmin gün Türkiyə və Azərbaycan arasında ən yüksək səviyyədə keçirilən görüş çox vacib sənədlərin imzalanması ilə yekunlaşdı. Türkiyə-Azərbaycan biznes forumu çərçivəsində iki ölkə arasında 11 razılaşma imzalandı. Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır. Bu sənədlər içərisində Azərbaycan və Türkiyə arasında imzalanan protokol və 138 bənddən ibarət Fəaliyyət planı xüsusilə qeyd etmək lazımdır. Vurğulayaq ki, görüşdə gələcək strateji əməkdaşlığın perspektivləri müəyyən olundu və yaxın zamanlarda ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfə alındı. Nəzərdə tutulan planların nəhəngliyini hiss etmək üçün bir müqayisə aparaq: Azərbaycanın 2020-ci ilin yanvar-sentyabr aylarına görə ümumi xarici ticarət dövriyyəsi 18,403 mln. dollara bərabər idi; Azərbaycanın MDB ölkələri ilə ümumi ticarət dövriyyəsi təxminən 3 mlrd. $, Avropa İttifaqı ölkələri ilə isə təxminən 7 mlrd. $-a bərabər idi. Nəticə etibarı ilə planlaşdırılan hədəf Azərbaycanın cari ticarət dövriyyəsinin təxminən yarısına bərabər olmaqla, MDB ilə ümumi ticarət dövriyyəsindən 3 dəfə, Avropa İttifaqı ilə olan göstəricidən isə təxminən 2 dəfə artıq olacaqdır.

Qardaş ölkə ilə investisiya münasibətlərinə gəlincə, qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Hazırda Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Bu gün Türkiyədə 2 minədək Azərbaycan, ölkəmizdə isə 4100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir.

Forum zamanı Azərbaycanın Qarabağ müharibəsindəki böyük zəfərindən də bəhs edilib. Bildirilib ki, Azərbaycan müharibənin ilk saatlarından Türkiyənin mənəvi dəstəyini, Azərbaycana olan həssas münasibətini hiss etdi. Bütün səviyyələrdə qardaş Türkiyə Ermənistanın təxribatını qətiyyətlə pislədi, ölkəmizin tək olmadığını açıq bəyan etdi. Türkiyənin bu böyük siyasi və mənəvi dəstəyi bizə əlavə güc verdi. Bu dəstək bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan da, öz növbəsində, bütün məsələlərdə beynəlxalq miqyasda daim Türkiyəni dəstəkləyir.

Eyni zamanda kapitulyasiya aktından sonra əldə olunan razılaşmalara əsasən, kommunikasiyaların bərpası istiqamətində atılacaq addımlar da müzakirə edilib. Türkiyənin ticarət naziri Ruhsar Pekcan Forumda çıxışı zamanı deyib ki, Naxçıvan dəhlizi Türkiyə üçün çox əhəmiyyətlidir və əsas məqsəd Bakının logistika mərkəzinə çevrilməsidir.

Qeyd edək ki, keçirilən və imzalanan görüşlərdən növbəti gün Türkiyə prezidenti R. T. Ərdoğan 2020-ci ilin 25 fevral tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında enerji və dağ-mədən sferalarında əməkdaşlıq haqqında razılaşma”nı və 31 oktyabr 2017-ci ildə “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında müdafiə sənayəsi sahəsində əməkdaşlıq haqqında” razılaşmanı təsdiqlədi. Müşahidə etdiyimiz kimi müqavilələr təkcə iqtisadiyyat sahəsini deyil, həmçinin müdafiə sahəsini də əhatə edir. Azərbaycan Türkiyənin hərbi-müdafiə sahəsində əldə etdiyi uğurları daima alqışlayıb. Türkiyənin uğuru bizim uğurumuzdur, güclü Türkiyə isə güclü Azərbaycan deməkdir.

Türkiyə beşinci nəsil qırıcı təyyarələri istehsal etməyə çox yaxın olduğu artıq sirr deyil. Türkiyənin hərbi sənaye sahəsində uğurları bununla yekunlaşmır. 44 günlük müharibə zamanı Azərbaycana Ermənistan üzərində havada üstünlük bəxş edən Bayraktarlarla yanaşı Türkiyə daha təkmil olan Akıncı dronlarını silahlı qüvvələrin sərəncamına verməyə başlayıb. Dronun istehsalçıları onun Bayraktar TB2-dən öz imkanlarına görə daha irəlidə olduğunu və 6 ədəd MAM-L və MAM-C raketləri ilə yanaşı, hava-hava tipli raketlər də daşıdığını diqqətə çatdırırlar. Başqa sözlə desək, yeni növ dronlar yerüstü hədəfləri vurmaqla yanaşı havada da döyüş apara biləcəklər. Yüksələn xətlə münasibətlərini inkişaf edən Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığın əsasında hərtərəfli hərbi-müdafiə əməkdaşlığının da bünövrəsini ucaldırlar. Türkiyənin əldə edəcəyi hərbi-texnoloji uğurlar Azərbaycanın regionun hava məkanında dominantlığını şübhəsiz edəcək. Qeyd edək ki, Türkiyənin hərbi uğurları və tərəflər arasında yüksək səviyyəli görüş, Azərbaycan hərbçilərinin Qarsda 2021-ci il qış müştərək hərbi təlimləri ilə eyni vaxta təsadüf edir. Bu isə dərin hərbi əməkdaşlığın kağız üzərindən konkret addımlarda təzahürünü tapmasının göstəricisidir.

Əldə edilən razılaşmalar əsasən iqtisadi məsələləri nəzərdə tutsa da, sosial sahələrdən tutmuş gələcək hərbi-texnoloji və kosmik sahələrə qədər məsələləri üzrə əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan və Türkiyənin daha bir perspektivli əməkdaşlıq sahəsi kosmik fəzadır. Türkiyə 1 milyard dollar dəyərində ölçülən milli kosmik proqramı çərçivəsində Somalidə 350 milyon dollarlıq kosmodrom tikmək niyyətindədir. 10 fevral 2021-ci il tarixində keçirilən milli kosmik proqramın açılışında Türkiyə prezidenti R.T. Ərdoğan növbəti 10 il ərzində Türkiyənin kosmik məkan istiqamətində planlarından danışdı və 2023-cü ildə Ay ilə ilk əlaqənin qurulması, kosmonavt-astronavtların kosmosa göndərilməsi və digər ölkələrlə peyk texnologiyalı üzrə əməkdaşlıq etməyi vacib bildi. Əsas məqsəd dövlətin 100 illiyi üçün Ay ilə əlaqənin qurulması qeyd edildi. Bütün bu planlar Türkiyədən bu sahədə Azərbaycan ilə əməkdaşlıq etmək təklifi ilə üstü-üstə düşür. Türkiyənin Kosmik agentliyinin rəhbəri Sərdar Yıldırım öz ölkəsinin Azərbaycan daxil olmaqla türkdilli ölkələrlə kosmik sferada əməkdaşlıqda maraqlı olmasını bildirdi və Azərbaycanın bu sahədə təcrübə və kadrlara malik olduğunu vurğuladı.

Bütün deyilənləri ümumiləşdirdikdə, belə nəticəyə gəlmək olur ki, hökümətlərarası görüş zamanı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq məqsədi yaxın vaxtlarda hər iki dövlətdə vəziyyəti müsbətə doğru dəyişdirəcək və regional stabilliyə şərait yaradacaq.

Teqlər: