Xəbər - Çingiz Səfərli – Trend:
1990-cı ildə Qarabağda hər 1000 nəfərə görə təbii artım əmsalı 20,1, Şərqi Zəngəzurda 19,9 səviyyəsində olub.
AzerTimes-ın məlumatına görə, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda respublika elmi-praktik konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, XXI əsrin əvvəlində mövcud olan iqtisadi çətinliklər, təbii artımın davamlı olaraq aşağı düşməsi, miqrasiyaların intensiv xarakter alması əhalinin artımına da öz mənfi təsirini göstərib.
“İlk onillikdə Qarabağ iqtisadi rayonunda əhalinin sayı ölkə üzrə orta göstəricilərdən aşağı templə çoxalıb, ona görə də inzibati rayonların payı xeyli aşağı enib.
“Mühüm demoqrafik göstəricilərdən biri sayılan təbii artımın səviyyəsi az vaxt ərzində sosial-iqtisadi, ictimai-siyasi və digər demoqrafik göstəricilərin təsiri ilə dəyişir. Bu proseslər əhalinin sayının artımına, az vaxtdan sonra isə əmək ehtiyatlarının formalaşmasına ciddi təsir göstərir. 1990-cı ildə Qarabağda hər 1000 nəfərə görə təbii artım əmsalı 20,1, Şərqi Zəngəzurda 19,9 səviyyəsində olub. Bu isə respublika üzrə olan orta göstəricidən yuxarıdır. 1990-cı ildə Qarabağda doğulan uşaqların sayı 13,5 min nəfər, təbii artım 10,6 min nəfər təşkil edib. Şərqi Zəngəzurda müvafiq olaraq doğulan uşaqların sayı 5,9 min nəfər, təbii artım 4,5 min nəfər qeydə alınıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin qeydiyyatda olan əhalisi arasında müstəqillik illərində doğum və təbii artım göstəriciləri davamlı olaraq yüksəlib. Bu proses 2015-2016-ci ilə qədər davam edib. Kənd əhalisinin üstünlük təşkil etməsi ilə əlaqədar onun kəmiyyətləri ölkə üzrə orta göstəricidən yuxarı olub. Son dövrlərdə onlar azalmağa doğru gedir” – deyə, Zakir Eminov bildirib.