Azərbaycanda ali təhsil müəssisələrinə qəbul mexanizmi bundan ibarətdir ki, hər hansı ixtisas üzrə keçid balını müəyyən edən elə abituriyentlərin özləridir. Biz bu gün desək ki, konkret bu ixtisas üzrə bu qədər bal nəzərdə tutulub, bu, absurd səslənər və peşəkarlıqdan kənar olar. Ancaq onu deyə bilərəm ki, hər bir ixtisas üzrə ən yüksək keçid balını da, minimum keçid balını da, orta keçid balını da məhz bu il qəbul imtahanlarında iştirak edən və seçimində Qarabağ Universitetinə üstünlük vermək istəyən gənclər özləri müəyyən edəcəklər.
AzerTimes xəbər verir ki, bu sözləri Oxu.az-a geniş müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, Qarabağ Universitetini bitirən məzunlara Azərbaycan dövlətinin diplomu veriləcək və Azərbaycan dövlətinin verdiyi diplomlar dünyada necə tanınırsa, eyni ilə də Qarabağ Universitetinin diplomları da o cür tanınacaq.