Son on ildə dünya 1990-cı illərin və 2000-ci illərin əvvəllərindəki nisbi sakitlikdən sonra fəal mübarizə aparmağa başlayıb. Rusiyanın Ukraynaya müdaxiləsi, ABŞ-ın İraq və Əfqanıstandakı müharibələri Yaxın Şərq, eləcə də Afrikadakı regional liderlər arasında münaqişələrin güc yolu ilə həlli üçün iştahı artırıb. Putinin ardınca digər avtoritar liderlər də xarici sponsorların dəstəyi ilə hərbi macəralara qarışa bilərlər. Müharibələri diplomatik yolla dayandırmaq cəhdləri hər yerdə uğursuzluqla nəticələnir.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun tədqiqatçıları məlumat yayıb.
“Siyasi məqsədlərə çatmaq üçün müharibəyə əl atan dövlət başçıları getdikcə çoxalır. Əsas dəhşət planetin iki ən böyük dövləti – ABŞ və Çin arasındakı toqquşmadır. Səbəb Tayvanda seçkinin keçirildiyi yanvar ayında peyda ola bilər. Rusiya-Ukrayna savaşı uzun sürən tükənən müharibə mərhələsinə qədəm qoyub. Əsas risk Avropa və Qərbdə bu müharibədən yorğunluqdur. Çünki bu, Kiyevə hərbi və maliyyə yardımının dayandırılması ilə nəticələnir. İsrailin HƏMAS-la müharibəsinin də sonu görünmür. Bundan əlavə, Yaxın Şərqdə regional münaqişəyə çevrilmək təhlükəsi yaradır. ABŞ qeyd-şərtsiz İsraili, İran isə onun düşmənlərini dəstəkləyir. İsrail artıq Suriya və Livandakı hədəfləri bombalayır”, – məlumatda deyilib.
Ekspertlər 2024-cü ildə münaqişələrin sayının artacağından ehtiyat edirlər:
“Partlayıcı situasiyalar arasında Ermənistanla Azərbaycan qarşıdurması da yer alır. Qarabağdakı qələbədən sonra Bakı öz uğurlarını möhkəmləndirməyə və Azərbaycanın əsas hissəsini onun anklavından – Naxçıvan Muxtar Respublikasından ayıran Ermənistan torpaqlarına “təcavüz” etməyə cəhd edə bilər”.