Qarabağ nümunədir: Belə qələbə qazana bilərik – İldırım

Qarabağ nümunədir: Belə qələbə qazana bilərik – İldırım

Hər şeyi taleyin ümidinə buraxsaq, istədiyimiz hədəflərə çata bilmərik. Mütləq bədəli verilməlidir. Qarabağın azadlığı üçün nə qədər şəhid verdik. Güney Azərbaycan da düşmənlə savaşda gücünü göstərməlidir.

Bu sözləri AzerTimes-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib.

O, Güney Azərbaycanın azadlıq hədəflərinə çatması üçün soydaşlarımızın mübarizə aparmalı olduğunu bildirib:

“Mübarizəmizi küçələrə, meydanlara çıxaraq aparmalı olduğumuz halda, rejimin ağzı ilə danışanlar, mühafizəkarlar Milli Hərəkatı susqunluğa çəkir. Bu azmış kimi deyirlər ki, susqunluq özü də etirazdır. Susmaq nə zamandan etiraz əlaməti olub? Bu yüz ildə susqunluqla hansı dəyişiklik əldə olunub ki, son bir ildə möcüzə gözləyirik? Mühafizəkarların çağırışının əksinə olaraq, biz məsələnin üstünə getdikcə, bu problem həll olunacaq. Totalitar ölkələrdə idarəçilik qorxu üzərində qurulub. Bizim də məqsədimiz o qorxunu sındırmaqdır. Əslində isə güc millətdədir”.

Saleh İldırım qeyd edib ki, mədəni şəkildə mübarizə üsulu heç bir nəticə vermir:

“Milli fəallarımızı şikayət yazaraq, mədəni aksiyalar təşkil edərək mübarizə aparmağa inandırırlar. Amma mədəni aksiyaların nəticəsi hanı? Urmiya gölü qurudu, zərərli duz zavodları tikirlər, sərvətimiz yenə daşınır, Güney deyil, fars bölgələri inkişaf etdirilir. Bizi isə zəhərləyərək öldürürlər. Bir milyon insan İranda küçələrə çıxsa, İrana heç nə kömək edə bilməz. Amma azsaylı etirazı rejim asanlıqla yatıra bilir. Bizim fəallarımız da bu səbəbdən zindanlardadır. Əgər aktivistlərimizin sayı milyona çatsa, kim onların qarşısında tab gətirə bilər? Bir aksiyada iştirakçı sayı 3 mini keçirsə, ona nəzarət etmək mümkün olmur”.

İldırım rejimin ələ aldığı şəxslərin hərəkatın mübarizəsinə əngəl olmağa çalışdığını da diqqətə çatdırıb:

“Müşahidə edirik ki, xalqımızı etirazlara, küçələrə çağıranda bizi yolumuzdan döndərmək istəyənlər olur. “İnsanları tutucaqlar, zindana atacaqlar” kimi fikirlər səsləndirirlər. İran kəşfiyyat orqanları bəzi fəallarımızı ələ alıb, onların vasitəsi ilə küçələrə çıxmağın təhlükəli olduğuna xalqı inandırır. Birimiz zindana düşməkdən, birimiz yaralanmaqdan, birimiz isə ölməkdən qorxsaq, gərək vətənimizin azad olunması haqqında düşünməyək”.

30 ildir bu mübarizənin içində olduğunu deyən partiya sədri rejimlə savaşmağın yollarını açıqlayıb:

“Haqqımda edam hökmü var. 30 ildir bu hökmü veriblər. Qaçıb gizlənim, səsimi çıxartmayım ki, məni edam edəcəklər? İlk gündən İran rejiminə qarşı dirənmişəm. Nə polisini, nə məhkəməsini qəbul edirəm. İstintaq orqanlarına dəvət ediblər, getməmişəm, ailəmə təzyiq ediblər, təslim olmamışam. Bu yolda ölümə də hazıram. Qorxu zehniyyətini bizdə İran təhlükəsizlik orqanları yaradıb. Səssiz qalanların da bir gün qapısı döyüləcək”.

Teqlər: