Xəbər - Samir Əli – Trend:
Bakıda Hərbi Qənimətlər Parkının qısa müddətdə yaradılaraq açılması və Prezident İlham Əliyevin açılış mərasimində hərbçilərlə görüşdə analitik – faktoloji çıxışı dövlətimizin əzəmətinin daha bir nümayişi oldu.
Bunu AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Prezidentin budəfəki çıxışı da müharibə və qələbəmizlə bağlı digər çıxışları kimi maraqlı, məzmunlu, rəy yaradıcı və yönəldici xarakter daşıyır: “Müharibə günlərində Prezident İlham Əliyevin müsahibə və çıxışları əsasən cəmiyyətimizi toparlamaq və düşmənlərimizi neytrallaşdırmaqda öz güclü təsirini göstərdisə, müharibədən sonrakı çıxış və müsahibələr ən yeni tariximizin qiymətli anlarını xalqa təlqin etmək və müharibədə xalqın Prezidentə verdiyi fəal dəstəyin necə böyük nəticələr doğurduğunu göstərmək baxımından əvəzsizdir.
Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkındakı çıxışı xalqla birlikdə və xalq üçün yazılmış Vətən müharibəsi tarixinin hələ bundan sonra da dəfələrlə oxunacaq parlaq səhifələrindən biridir. Qənimətlər parkı xalqa verilmiş sözlərin tam yerinə yetirilməsi kontekstində çoxlu faktlardan biri kimi diqqəti cəlb edir. Prezident İlham Əliyev ərazi bütövlüyünün bərpa olunacağı, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç cür imkan verilməyəcəyi barədə vədinə əməl etdiyi kimi, düşməndən qənimət kimi ələ keçirilmiş silah və texnikalarla bağlı xüsusi planlarının olduğu barədə vədini də tam yerinə yetirdi”.
Baş redaktor qeyd edib ki, Prezident düşmənin 1-ci Qarabağ müharibəsi zamanı ərazilərimizdə quldur kimi talan etdiyi avtomobil nömrələrindən ibarət stendi böyük məharətlə işğalçı ölkənin özünə qarşı ittiham faktı kimi əsaslandırdı: “Azərbaycan Prezidenti eyni məharət və uğurla Hərbi Qənimətlər Parkını açıq müharibə meydanında Ermənistan dövlətini əzmiş Azərbaycan hərb maşınının qüdrət simvolu kimi təqdim etdi.
Hərbi Qənimətlər Parkı Vətən müharibəsinə qədər Azərbaycan prezidentinin hərbi, siyasi, iqtisadi və diplomatik müstəvidə bir-birini tamamlayan sistemli fəaliyyətinin məntiqi və real təcəssümüdür. Prezident bütün uğurların mərkəzində Azərbaycanın həqiqətən müstəqil siysət aparmasının həlledici rol oynadığını çox inamla ifadə etdi. Azərbaycan silah bazarında hansısa bir ölkədən, iqtisadi və maliyyə cəhətdən hansısa mərkəzdən asılı olsaydı, bu gün Prezidentin dəqiq dediyi kimi, xalqımızın və bütün diasporumuzun üzünü ağ edən qələbələrə yetişə bilməzdik”.
Siyasi ekspert deyib ki, Prezident Azərbaycanın nə qədər müstəqil siyasət aparan ölkə olduğunu 2003-cü ildə Qarabağ danışıqlarını sıfırdan başlamaqla göstərdiyini ilk dəfə açıqladı: “2003 -cü ildə İlham Əliyev Qarabağ danışıqlarını sıfırdan başlamaqla öz iradəsinə və dövlətimizi gücləndirmək sitasətinə möhkəm inandığını ortaya qoydu. 10 ildən artıq müddət ərzində yalnız təcavüzkarın oyunlarını oynamaqla məşğul olan vastəçi ölkələrin aldadıcı bəyanatlarını 2003-cü ildə kənara ataraq bütün prosesi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir lider bacara bilərdi.
Prezident bu gün xalqla birlikdə həm qalib gəldiyini, həm də ədalətsiz və vicdansız vasitəçilərin oyunlarını ifşa etmək gücündə olduğunu bəyan etdi.
Hərbi Qənimətlər Parkını təkcə 44 günlük müharibənin özündən sonra saxladığı maddi sübut saymaq olmaz. Bu park 2003-cü ildən başlanmış hərbi-siyasi islahatların, supergüclərin ədalətsizliyinə qarşı gedə bilən yenilməz liderlik iradəsinin və həqiqi lider-xalq birliyinin mütləq qalibiyyət fəlsəfəsinin maddi sübutudur. Hərbi Qənimətlər Parkı Vətən müharibəsində qələbəmizdən də çox əvvəl – 2003-cü ildə İlham Əliyevin Qarabağ naminə yeni diplomatiya və yeni siyasətindən başlayır”.