Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi – Fahrettin Altun

Şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə
göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi. Biz
informasiya cəbhəsində Azərbaycanla birgə mübarizə apardıq.
Nəticədə şanlı Zəfərin qazanılmasına töhfəmizi verdik.

AzerTimes-ın məlumatına görə,
bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya
İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən Türk
Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul
nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısında
çıxışı zamanı ifadə edib.

Bu tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini
deyən F.Altun bildirib ki, TDT yarandığı gündən ötən 13 il ərzində
təşkilat təkmilləşərək beynəlxalq quruma çevrilib. Liderlər bu
təşkilatın inkişafı və birliyi istiqamətində mühüm addımlar
atıblar. Ölkələrimizin birliyinin daha da möhkəmləndirilməsinə
töhfəmizi verməliyik. Media sahəsinin inkişafı isə bu sahəni təmsil
edənlərin əlindədir.

“Bu il dördüncüsü keçirilən toplantı ilə müştərək yol xəritəmiz
və yeni əməkdaşlıq imkanları dəyərləndirilir. Xüsusilə sosial
mediada dezinformasiya ilə mübarizə toplantımızın əsas
mövzularındandır. Təəssüflə qeyd etmək istərdim ki, biz bu
dezinformasiyaya məruz qalan ölkələrdən biriyik. Bu çağırışla birgə
mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir.
Burada, eyni zamanda, televiziya və film sahəsi üzrə birgə
layihələrimizin təkmilləşdirilməsi məsələləri də müzakirə olunacaq.
Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası
barədə addımların atılması nəzərdə tutulur. Türk coğrafiyasında son
zamanlar baş verən mənfi hadisələr türk birliyinin vacibliyini bir
daha ortaya qoydu. Bu gün türk dünyasına qarşı yönələn
dezinformasiya “müharibəsinə” və “faşizminə” məruz qalırıq. Bu,
bizim ortaq problemimizdir. Biz xüsusilə rəqəmsal platformalarda
insanlığa xidmət edəcək yeni layihələr inkişaf etdirmək əzmindəyik.
Dəyişməyən tək amil həqiqətdir və biz bunun qorunması üçün
əlimizdən gələni edəcəyik”, – deyə o qeyd edib.

Teqlər: