Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının videokonfrans formatında ilk iclası keçirilib.
Trend xəbər verir ki, iclasda əvvəlcə komissiyanın sədri Salih Kurt, Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiyanın İdarə Heyətinin üzvü Hulusi Kılıç, ehtiyatda olan türkiyəli general, araşdırma heyətinin sədri Yücel Karauz, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, yazıçı-publisist Müslüm Aktürk, vəkil Mustafa Kuran və başqalarının çıxışları dinlənilib.
Komissiyanın üzərində düşən missiyanı ləyaqətlə başa çatdıracağına inandığını ifadə edən sədr Salih Kurt əminliklə bildirib ki, komissiya fəaliyyətini daha da genişləndirərək ədalət carçısı kimi tanınacaq.
Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etməsini tarixi hadisə və milli şərəf kimi dəyərləndirən səfir Hulusi Kılıç bildirib ki, düşmənin törətdiyi amansız dağıntılar və müharibə cinayətlərin araşdırılması hər birimizin üzərinə düşən mənəvi borcdur.
Tədqiqatçı Yücel Karauz əminliklə ifadə edib ki, komissiya fəaliyyət istiqamətlərini dəqiqləşdirməklə hədəflərinə çatacaq.
Sonra Türkiyə Prezidentinin baş müşaviri, tədqiqatçı alim Seyit Sertçelik 8 il tədqiqat apardığı Rusiya arxivləri ilə bağlı fikirlərini bölüşərək vurğulayıb ki, Ermənistanın əsaslı dövlət arxivi yoxdur, onlar rus arxivlərini surəti əsasında arxiv yaradıblar.
Komissiyanın növbəti iclası mayın 18-də keçiriləcək.