Fikrimcə, üzdə guya Qarabağla bağlı problemlərin həllində beynəlxalq əməkdaşlığa tərəfdar olduqlarını göstərirlər. Lakin belə əməkdaşlıq mümkün deyil. Çünki burada məsələ münaqişənin həllindən yox, onun uzadılmasından gedir.
Bu sözləri AzerTimes-a açıqlamasında AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Qarabağla bağlı Rusiya ilə fəaliyyətlərin koordinasiyasının mümkünlüyü haqqında fikirlərini şərh edən Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor böyük güclərin əvvəlki kimi mövcud vəziyyəti qorumağa çalışdığını bildirib:
“Burada əsas məsələ niyyətin olmasıdır. Əslində problemin həlli çox sadədir. Ermənistandan Azərbaycan torpaqlarını tamamilə tərk etməsini tələb etmək nə qədər çətindir? Yəni Ermənistan nə qədər güclüdür ki, bunu edə bilmirlər? Demək ki, ortada istək yoxdur. Böyük güclər öz maraqları naminə yenidən prosesi dondurmaq və uzatmaq, həllsizliyi həll kimi bizə sırımaq istəyirlər”.
Toğrul İsmayıl Klaarın Zəngəzur və Laçın dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub:
“Klaar müsahibəsi zamanı Ermənistanın iki məsələni bir-birindən ayrı gördüyünü deyir. Görünən isə odur ki, rəsmi İrəvan 10 noyabr Bəyanatını öz istədiyi tərəfə çəkmək niyyətindədir. Əvvəla, imzalanan sənəd bəyanatdır, yəni yekun sülh müqaviləsi deyil. Ona görə də orada bütün məsələlər detallı şəkildə əhatə edilə bilməz. Lakin beynəlxalq hüquq və 1991-ci il 21 dekabr tarixli MDB müqaviləsi var. Düzdür, 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin adı çəkilmir, lakin kommunikasiyaların maneəsiz şəkildə təmin edilməsindən bəhs olunur. Yəni sən əl-qolunu sallaya-sallaya Azərbaycan ərazisinə girə bilərsən, ancaq Azərbaycan Zəngəzurdan istifadə edə bilməz. Niyə? Azərbaycanın Laçın dəhlizindən keçidin təhlükəsizliyinə təminat verməsi oradan hər cür silah daşınması mənasına gəlmir. Dövlətlərin sərhədləri toxunulmazdır. Ermənistan vətəndaşları sərhəd-keçid məntəqəsini keçdikdən sonra Azərbaycan ərazisində onların təhlükəsiz və sərbəst hərəkəti təmin edilə bilər.
Laçın dəhlizində rus sülhməramlıların xidmət müddəti beş ildir, lakin Zəngəzur dəhlizində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının fəaliyyət müddəti bəlli deyil. Bütün hallarda beynəlxalq hüququn prinsipləri həmişə qarşılıqlı olur.
Gələk 21 dekabrda 1991-ci ildə Qazaxıstanda imzalanan MDB müqaviləsinə. Bu müqavilənin əsas maddələrindən biri üzv respublikaların bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşması və respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməməsi ilə bağlıdır. Heç bir ölkə, həmçinin Rusiya bu məsələdə tərəflərə təzyiq göstərə bilməz. Amma əgər Ermənistan beynəlxalq hüququ və MDB müqaviləsini tanımırsa, o zaman Bakının da avtomatik şəkildə İrəvana ərazi iddiaları sürmək haqqı var. Bir daha vurğulamaq istəyirəm ki, beynəlxalq hüquqda qarşılıqlılıq prinsipi və Azərbaycanın da bu istiqamətdə addım atmaq imkanı var”.