“Qarabağ” futbol klubuna qarşı daha böyük təxribat hazırlanır – TƏFƏRRÜAT

Ardıcıl 8 ildir “Qarabağ”ın Avrokuboklara vəsiqə qazanması cəmi 1 il bundan qabaq sona çatan 44 günlük Vətən müharibəmizdə dünya ictimaiyyətinin mövqeyinə təsir edən məqamlardan biri kimi təqdir edilə bilər. Məhz Qarabağ adını Azərbaycan klubu kimi Avropaya, dünyaya çox məharətlə tanıdan “köhlən atlar” qitənin ən nüfuzlu futbol turnirlərində dünyanın ən güclü, ən bahalı klubları ilə üz-üzə gəlməyi ilə yanaşı, onlara baş ağrısı olması ilə də dünyanın diqqətini çəkdi.

Adının “Qarabağ” olması isə bütün Azərbaycanın bu klubun ətrafında sıx birləşməsinə səbəb oldu ki, bu məqam da hər il uğurunun ardının gəlməsi gözləntilərini daha da artırdı. Bu adda Azərbaycan klubunun köhnə qitənin, eləcə də dünyanın ən nüfuzlu, ən titullu klublarına baş ağrısı olması tək Azərbaycan futboluna olan marağın artmasına yox, məhz Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırlmasında da müstəsna, əvəzsiz xidmətləri oldu. Bəli, istər “Qarabağ” futbol klubunun rəhbərliyi, məşqçilər korpusu, istərsə də futbolçular heç vaxt meydanda, matçın keçirildiyi meydançalarda siyasi çalarları qabartmadılar, diqqəti uğur qazanmaq üçün tamamilə nümayiş etdirdikləri oyunlara yönəltdilər.

Lakin inkar edilməz bir həqiqət var ki, geridə qalan 7-8 illik Avropa təcrübəsi nəticəsində “Qarabağ”ın gördüyü işlər, qazandığı uğurlar düşmənə Vətən müharibəsinə kimi Azərbaycanın verdiyi ən əzablı cavab idi. Bundan təbii ki, daha çox 30 il ərazilərimizi işğalda saxlayan erməni hərbi-siyasi rəhbərliyi, onların havadarları, eləcə də erməni diasporası narahat ola bilərdi ki, biz buna istər “Qarabağ”ın “Apoel”lə oynadığı səfər matçları zamanı, istərsə də Londonun “Çelsi” klubu ilə oyunda şahid olduq. “Köhlən atlar”ın Azərbaycan klubu olaraq Qarabağ adını yüksəklərə qaldırması, qitənin nüfuzlu birinci (Çempionlar Liqası) və ikinci (Avropa Liqası) klublararası futbol turnirlərində layiqli təmsil etməsi erməniləri, Azərbaycanın düşmənlərini məkrli planlarını yaşıl meydanlara daşımağa səbəb oldu.

Meydançada keçmiş qondarma rejimə məxsus əski parçasının açılması halı ilə dəfələrlə üzləşən “Qarabağ”lıların əzmini yenə də qıra bilmədilər və nəticəsi də göz önündədir. Belə ki, Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümündə ilk çempionluq titulunu 7 ildən sonra “Neftçi”yə təhvil verən “Qarabağ” bu dəfə gümüş medalların sahibi kimi UEFA-nın bu ildən ilk dəfə keçirilməyə başlayan Konfrans Liqası turnirində təmsil etmək hüququ qazandı. “Qarabağ” seçmə mərhələlərdə göstərdiyi baxımlı oyun, qazandığı qələbələrlə yenidən Azərbaycan xalqının qürur mənbəyi oldusa, düşmənlərə də göz dağı verdi. İlk dəfə keçirilən Konfrans liqasına ilk mövsümündəcə vəsiqəni təmin edən “ağdamlılar” qarşılarına qoyulan vəzifənin öhdəsindən gəlməyi bacardılar. Nəhayət “Qarabağ” ondan azarkeşlərin çoxdan gözlədiyi uğuru qazandı, qrupdan çıxmağı təmin etdi.

Konfrans Liqasının H qrupunda yer alan “Qarabağ” 5 turda topladığı 11 xalla son oyun öncəsi ikinci pillədə qərarlaşır ki, bu da Azərbaycan təmsilçisinə qrup mərhələsini adlamaq üçün kifayət edir. Lakin təəssüf ki, bundan öncə də dəfələrlə şahidi olduğumuz xoşagəlməz hadisələrlə qarşılaşa bilərik. Dekabrın 9-da İsveçrənin Bazel şəhərində UEFA Avropa Konfrans Liqası çərçivəsində son oyununu eyni xala malik yerli “Bazel”lə qarşılaşacaq “Qarabağ”a qarşı növbəti təxribatların hazırlandığı barədə məlumatlar yayılmağa başlayıb.

Azərbaycan Ordusunun işğalına son qoyduğu Qarabağın eyni adlı klubunun qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin etmək şanslarını saxladığı bir vaxtda bu cür xoşagəlməz hadisələrin gözlənilməsi ilk öncə düşmənlərimizin nə qədər iyrənc, məkrli, çirkin xislət sahibi olduqlarının sübutudur. Lakin ən dəhşətlisi isə budur ki, düşməninin maliyyələşdirdiyi, adını “azərbaycanlı” qoyub, Avropa ölkələrində məskunlaşmış, özlərini “siyasi mühacir” kimi təqdim edən şəxslərin əli ilə bu təxribatların hazırlanması məsələsidir. Əldə olunmuş məlumatlara əsasən, Fransa, İsveçrə, Almaniya və bəzi digər Avropa ölkələrində məskunlaşmış, özlərini “siyasi mühacir” kimi təqdim edən, əslində isə ermənipərəst dairələr tərəfindən maliyyələşən və dəstəklənən bir sıra qaragüruhçu şəxslər tərəfindən stadionda təxribatlar hazırlanır.

Xüsusilə, onlar Azərbaycanı qitəmiqyaslı turnirlərdə uğurla təmsil edən və ölkəmizin qürur mənbəyi olan “Qarabağ”a azarkeşlik etmək məqsədilə Bazel şəhərinə gələcək həmyerlilərimizlə toqquşma yaratmağı hədəf alırlar.

Ermənipərəst dairələr tərəfindən maliyyələşən, özlərini “siyasi mühacir” kimi təqdim edən bu təxribatçı dəstə üzvləri əllərində Azərbaycanın dövlət rəmzlərini təhqir edən plakatlar nümayiş etdirməklə “Qarabağ”a dəstək olmaq üçün matçın keçiriləcəyi stadiona gələn həmvətənlilərimizi qıcıqlandırmaq, onları sərt reaksiya verməyə və dava salmağa vadar etməyi düşünürlər. Onlar bu təxribatları stadionun canlı yayım aparıldığı hissəsində etməyi planlaşdırırlar ki, bununla da Qərb KİV-ləri tərəfindən həmin xoşagəlməz, iyrənc planlarının işıqlandırılmasına nail olsunlar.

Planlaşdırılan təxribatın real məqsədi isə su kimi aydındır. Ermənipərəst dairələrə, erməni diasporalarına gedib söykənən maliyyə mənbələrinin kəsilməməsi üçün düşmən sifarişini yerinə yetirən bu nanəciblər, məqsədlərinə çatmaq üçün dövlətini, xalqını dünyanın gözü önündə rüsvay etməyə belə hazır olduqlarını göstərmək niyyətindədirlər. Özləri üçün İsveçrə və digər Avropa ölkələrinin gözündə “siyasi bəraət” qazanmaq, Azərbaycan dövləti tərəfindən onlara qarşı hücumların davam etdiyini və özlərini “zərər çəkmiş” şəxslər kimi göstərməyə çalışan həmin “mühacir” dəstəsi beləcə Avropa cəmiyyətində özlərinin lehinə fikir formalaşdırmaq, mühacir statusunun və aldıqları maliyyə dəstəyinin davamlılığını təmin etmək məqsədi güdürlər.

Şübhəsiz ki, bu cür təxribatın real hədəfi isə tək Azərbaycan hökuməti yox, bütöv Azərbaycan xalqıdır. Dünyanın ən populyar idman növü olan futbolda son illər yeganə qürurumuz olan “Qarabağ”ın oyununu siyasi alətə çevirməklə məkrli niyyətlər güdmək düşmənə xas alçaqlıqdır.

Təhməz Əsədov

Teqlər: