Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə minimal hesabla qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun sürətli hücumlarla başlayıb. Matçın birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək komandasını hesabda irəli çıxarıb – 1:0.
İlk hissə bu hesabla başa çatıb.
Ağdam klubu ikinci hissəyə sürətli hücumlarla başlayıb və bu oyunun tempini xeyli artırıb. Hesabı bərabərləşdirmək üçün təzyiqi daha da artıran ağdamlılar istəklərinə matçın 63-cü dəqiqəsində nail olublar. Ansi Aqollinin ötürməsindən sonra rəqibin cərimə meydançasında topu ram edən Dino Ndlovu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib – 1:1. Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yenidən hesabda irəli çıxıblar. Ankersonun hava ötürməsini Pavloviç başla dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb – 2:1.
Bakıda keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərdə vurduğu qol sayəsində iki oyunun nəticəsinə görə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da “Qarabağ” Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.
Qeyd edək ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar Liqasında isə 60-cı oyunu olub.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 24-də Monakoda atılacaq.