Qarabağ Dirçəliş Fondunun sədri AmCham Azərbaycan üzvləri ilə görüşüb (FOTO)

Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin
iştirakı ilə Qarabağın bərpası və yenidənqurulmasına həsr olunan
işgüzar görüş təşkil edib.

Tədbirdə AmCham-ın 100-dən çox üzvü və bir çox yerli və xarici
şirkətlərin nümayəndələri iştirak edib.

AmCham-ın Prezidenti Nərgiz Nəsrullayeva çıxışı zamanı Qarabağ
Dirçəliş Fondunun fəaliyyətini təqdir etdiklərini, eyni zamanda
Qarabağda ekoloji tarazlığın bərpası məqsədilə Fondun Ekologiya və
Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Zəfərdən
dirçəlişə” meşə massivinin salınması layihəsində (https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe/layihe-haqqinda/)
donor qismində iştirak etmək niyyətində olduqlarını vurğulayıb.

Görüşdə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və
vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri,
Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlər
barədə ətraflı məlumat verən Rəhman Hacıyev yerli və xarici biznes
nümayəndələri ilə belə görüş imkanları yaratdığına görə
Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkürünü bildirib.

Rəhman Hacıyev Fondun fəaliyyət istiqamətləri barədə təqdimatla
çıxış edərkən bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə
Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra
regionda yaranan yeni reallıq, eyni zamanda Qarabağda dağıntıların
miqyası işğaldan azad edilən ərazilərin bərpası istiqamətində
görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi
olduqca zəruri edir.

Fondun vəsaitlərinin fiziki hüquqi şəxslərin
ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr
hesabına formalaşdığını vurğulayan sədr ianəçilik mədəniyyətinin
təbliği və QDF-in bu istiqamətdə həyata keçirdiyi təşviqat
tədbirləri barədə danışıb.

R.Hacıyev Fondun həyata keçirdiyi bir çox layihələr barədə
məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İşğaldan azad edilən ərazilərdəki tarixi abidələrin, eyni
zamanda Qarabağda ekoloji tarazlığın bərpasının Fond üçün ən
prioritetli məsələlərdən olduğunu qeyd edən Rəhman Hacıyev, QDF-in
bu istiqamətdə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, o cümlədən müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq
etdiyini bildirib.

Rəhman Hacıyev təqdimat zamanı tədbir iştirakçılarını ideya
müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan
münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə
obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə
çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center”
internet-resursu (https://karabakh.center/az) və
Ermənistan silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə
dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak
olan azyaşlı qurbanların xatirəsinə həsr olunan
“Karabakhmemorial.com” (https://karabakhmemorial.com/)
layihələri ilə tanış edib.

Tədbirdə “Karabakh.Center” layihəsinin materialları əsasında
hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi
abidələri əks etdirən “Qarabağda Urbisid” fotosərgisi və videoçarxı
nümayiş olunub.

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar naharı Palata
tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət
rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun
nümayəndələri iştirak edirlər.

Teqlər: