4 noyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin Dubayda (BƏƏ) təşkil etdiyi «Invest with Azerbaijan» Biznes Forumunda iştirak edib.
Fonddan AzerTimes-a verilən məlumata görə, Rəhman Hacıyev tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilən strategiyaya uyğun olaraq həyata keçirilən fəaliyyət istiqamətləri barədə məlumatların əks olunduğu təqdimatla çıxış edib.
R.Hacıyev tədbirdə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan, işğaldan azad edilən ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkilləri və videogörüntülərinin yer aldığı “Karabakh.Center” (https://karabakh.center/az) internet resursunu nümayiş etdirib.
R. Hacıyev çıxışı zamanı QDF-in Nizamnaməsinə əsasən Fondun əsas vəzifələrindən birinin Qarabağın investisiya potensialını və dövlət-özəl tərəfdaşlığının təşviq etmək olduğunu bildirib.
Rəhman Hacıyev Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədilə Fonda müxtəlif onlayn platformalar və digər ödəmə üsulları vasitəsilə ianə etmək imkanları barədə məlumat verib.
Səfər çərçivəsində R. Hacıyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri, QDF-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində “Dubay Expo – 2020” beynəlxalq sərgisinə səfərdə də iştirak edib.