Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri “yaşıl enerji” zonası olacaq.
AzerTimes-ın məlumatına görə, bunu Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Xüsusi nümayəndənin sözlərinə görə, on aya yaxındır ki, Şuşada tikinti, bərpa və yenidənqurma işləri həyata keçirilir. İlk növbədə, şəhərin infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrə başlanılıb.
A.Kərimov qeyd edib ki, infrastruktur layihələri içərisində şəhərin elektrik enerjisi ilə təminatı xüsusi əhəmiyyət kəsb edir:
“Artıq 110/35/10 kilovoltluq yarımstansiya tam fəaliyyət göstərir. Prezidentin Sərəncamına müvafiq olaraq şəhərdə istilik təchizatı sisteminin qurulmasına da başlanılıb. Bu ilin sonunadək 7 qazanxana tikiləcək. Onların əksəriyyəti elektrik enerjisi ilə işləyəcək. Bütün Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri “yaşıl enerji” zonası olacaq və biz maksimum dərəcədə çalışacağıq ki, dayanıqlı enerji mənbələrindən istifadə edək”.
O bildirib ki, Şuşa şəhərinin su təchizatı üçün də tədbirlər görülür: “”Azərsu” ASC ilə birlikdə su mənbələrindən şəhərə daxil olan xətlərin böyük əksəriyyətinin bərpasına başlamışıq. 1970-1980-ci illərdən bəri təmir olunmayan köhnəlmiş xətlərdir. 30 ilə yaxın işğal dövründə erməni işğalçıları tərəfindən bu sahədə heç bir iş aparılmayıb, əksinə, həmin xətlər yararsız hala salınıb”.