Böyük Britaniyanın nüfuzlu “Ekonomist” nəşri 2024-cü ildə dünyada baş verəcək dəyişikliklər, siyasi yeniliklər və təhlükə ehtimalları ilə bağlı məqalə dərc edib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, nəşr 2023-cü ildə Cənubi Qafqazda yaşananlardan sonra proseslərin gedişatının daha ciddi yön alacağını yazıb.
Məqalədə bildirilir ki, Qarabağda keçirilən antiterror əməliyyatları və qondarma rejimin süqutu mühüm proseslərin bir epizodu idi:
“Bu proseslər növbəti il də davam edəcək. 2020-ci ildə Rusiya Qarabağın qaytarılmasına mane olmadı, ardınca öz təsirini saxlamaq üçün bölgəyə sülhməramlılarını göndərdi. Ukrayna ilə müharibə fonunda Vladimir Putin Azərbaycan və Türkiyə ilə əməkdaşlığı yoxsul Ermənistandan üstün tutdu. Moskva Ermənistanda rejim dəyişikliyinin olmasına ümid bəsləyir. Eyni zamanda Ermənistandan keçməsi nəzərdə tutulan dəhlizə nəzarət etmək istəyir”.
Nəşr yazır ki, Azərbaycan və Türkiyə regionda kartları ələ alıblar və Rusiyaya güzəştə getməyəcəklər:
“Bakı və Ankara Qərbin yanında yer almaq istəmirlər. Onlar Cənubi Qafqazda öz güc bazalarını yaratmağı planlaşdırırlar. Ukraynada davam edən müharibə nəticəsində Türkiyə kimi bir neçə dövlət postsovet məkanında yüksəlişə keçdi, Kremlin təsir dairəsi isə zəifləməyə başladı”.