Düşünmürəm ki, Rusiyanın Cənubi Qafqazı tərk etməsi prosesi gedir, amma prioritetlər sisteminin dəyişməsi prosesi müşahidə edilir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov erməni mediasına müsahibəsində deyib.
“Qarabağ münaqişəsinin belə dramatik şəkildə həlli və bu mövzunun təkcə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə deyil, həm də Rusiya-Cənubi Qafqaz, o cümlədən Rusiya-Azərbaycan münasibətlərinin gündəmindən çıxarılması balansı dəyişir və münasibətlər baxımından, məsələn, Bakı ilə yeni imkanlar yaradır.
Digər tərəfdən, Rusiyanın mövcudluğu hər zaman fərqli ölçülərə malik olub və olacaq. Uzun müddət bu, Ermənistanın təhlükəsizliyi üzərində qurulmuşdu. Söhbət SSRİ-nin dağılması ilə regionun əldə etdiyi miras, o cümlədən Qarabağ məsələsi ilə birbaşa bağlı olan münasibətlər sistemindən gedir.
İndi bu, dəyişir, müvafiq olaraq, Ermənistan rəhbərliyinin qaldırdığı təhlükəsizlik təminatı məsələsinə başqa cür baxılır. İstəməyən ölkəyə təhlükəsizlik zəmanəti vermək, yumşaq desək, çox çətindir.
Bu amil, bəli, dəyişə bilər. Amma aydın deyil ki, Ermənistan başqa təminatı harada axtarır. Bununla maraqlanan başqa oyunçular çox deyil, xüsusən də yaxınlıqda. Digər tərəfdən, ola bilsin ki, Ermənistan rəhbərliyi bütün bunlara başqa cür yanaşır. Paşinyanın bu yaxınlarda dedikləri hamı ilə münasibətlərdə hansısa başqa paradiqma elan etmək cəhdidir.
Bu şəraitdə iqtisadi məsələlər ön plana çıxacaq. Dəyişikliklərin və əvvəlki münasibətlər tipindən uzaqlaşmanın müşahidə olunduğu siyasi təhlükəsizlik sahəsindən fərqli olaraq, iqtisadiyyatda Rusiya-Ermənistan münasibətləri normal inkişaf edir. Son iki ildə baş verənlər yeni imkanlar yaratdı. İndi əvvəl olduğu kimi olmayacaq. Necə olacağını isə bilmirik”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qfqazı tərk etdiyini söyləmək hələ tezdir:
“Əgər kimsə öz siyasətini bunun üzərində qurmaq qərarına gəlsə, o zaman səhv etmək riski var”.
Lukyanov hesab edir ki, Şimal-Cənub dəhlizinin hər bir variantı (Ermənistan və Azərbaycan vasitəsilə – red.) özünəməxsus xüsusiyyətləri ilə seçilir və hər birinin öz müsbət və mənfi tərəfləri var:
“Rusiya öz maraqlarına uyğun olan, lakin sabitliyin pozulması səbəb olmayan variantı qəbul edəcək”.