“Qarabağ” “Bayer” səddini keçəcəkmi? – Ekspertlər

“Qarabağ” “Bayer” səddini keçəcəkmi? – Ekspertlər

İlk matçda gözəl futbol oynayan “Qarabağ”ı qələbədən 3 dəqiqə ayırdı. Bu nəticə bütün Avropaya səs saldı.

Bu sözləri AzerTimes-a açıqlamasında idman eksperti Ceyhun Rzayev Almaniyada bu gün keçiriləcək “Bayer”-“Qarabağ” matçı haqda danışarkən deyib.

Ekspert bildirib ki, “Qarabağ”ın bura qədər irəliləməsi artıq kiçik möcüzədir:

“Bayer”lə “Qarabağ” arasında hər mənada ciddi fərq var – istər büdcə, istər futbolçu, istərsə də çıxış etdikləri daxili çempionatın səviyyəsi baxımından. “Qarabağ”ın yeganə üstünlüyü təcrübəli baş məşqçiyə sahib olması, Qurban Qurbanovun illərdir formalaşdırdığı oyun üslubudur. Bu gün çox çətin olacaq. “Bayer” favoritdir. Amma “Qarabağ” da növbəti dəfə Avropanı təəccübləndirmək üçün hər şey edəcək. Bu oyun üçün hesab təxminim yoxdur”.

İdman eksperti Amal Abuşov isə qeyd edib ki, 2016-cı ildə “Qarabağ”ın PAOK ilə matçında “Qarabağ” artıq Avrokubokların təsadüfi qonağı olmadığını sübut edib:

“Həmin oyunda “Qarabağ” Yunanistanın güclü komandasını 1:0 hesabı ilə məğul etdi. Sözsüz ki, bugünkü oyunu o görüşlə müqayisə etmək olmaz. Ona görə ki, turnir əhəmiyyəti bir başqadır. İndi rəqib Avropanın ən formada olan komandalarından biridir. “Bayer” də bu oyuna ciddi hazırlaşıb və bu mərhələni keçmək istəyir. Baş məşqçinin dünənki açıqlamaları da bundan xəbər verir. “Qarabağ” isə Bakıda sərgilədiyi oyunla öz möhürünü vurmağı bacarıb və sübut edib ki, “Braqa”nı keçmək heç də təsadüfi olmayıb. Düzdür, futbolda bütün nəticələri gözləmək olar. Amma bu oyun bizim üçün Bakıdakı oyundan daha çətin olacaq və “Qarabağ” bu oyuna Bakıdakı oyundan daha yaxşı hazırlaşıb. Ona görə də matçda hər ehtimalı gözləmək olar. Nəticə nə olur olsun, “Qarabağ” nəinki azərbaycanlı azərkeşləri, eyni zamanda Avropada yaşayan futbolsevərlərin də qəlbini fəth edib”.

Qeyd edək ki, “Bayer”-“Qarabağ” oyunu bu gecə, Bakı vaxtı ilə 15 mart saat 00:00-da başlayacaq.

Teqlər: