Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında yeddi nominasiya üzrə hərbi vətənpərvərlik mövzusunda internet müsabiqəsi keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müsabiqənin məqsədi işğaldan azad edilmiş torpaqlar uğrunda canlarından keçən döyüşçülərin igidliklərini tərənnüm etmək olub. İnternet istifadəçilərinin böyük marağına səbəb olan müsabiqəyə nominasiyalar üzrə 101 iştirakçı qoşulub.
Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkələrdən də müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçənlər olub. Müsabiqənin keçirildiyi müddət ərzində 300.000-dən çox baxış sayı olub, ümumilikdə 151.000-ə yaxın şəxs səsvermədə iştirak edib. Yeddi nominasiya üzrə həyata keçirilən müsabiqədə onlayn səsvermə nəticəsində 44 nəfər qalib müəyyən edilib.
Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib.