Xəbər - Ləman Zeynalova – Trend:
Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatları ölkənin enerji özünütəminatını gücləndirəcək.
Bunu Trend-ə Norveçin “Rystad Energy” tədqiqat və konsaltinq şirkətinin vitse-prezidenti, qaz və elektrik enerjisi bazarı tədqiqatları şöbəsinin rəhbəri Karlos Torres Dias deyib.
O bildirib ki, hazırda Türkiyə tamamilə təbii qaz idxalından asılıdır, çünki daxili istehsal daxili tələbatın yalnız 1 faizini təmin edir: “Yeni təbii qaz ehtiyatlarının aşkar olunması tam yerinə düşdü, belə ki, Türkiyənin idxal etdiyi 59 milyard kubmetr qaz həcminin təxminən 40 faizinin müqavilə müddəti 2021-ci ilin sonunadək başa çatır. Buraya Rusiya və Azərbaycandan boru kəmərləri ilə, eləcə də Qətər və Nigeriyadan mayeləşdirilmiş təbii qaz idxalı daxildir. Yeni yatağın tapılması qiymətdə rəqabətqabiliyyətliliyi və potensial tədarükçülərlə danışıqlarda daha yaxşı mövqeyini təmin edəcək. Bununla belə, yatağın bütün potensialı 2020-ci illərin sonundan tez olmayaraq, istismar olunmağa başlayacaq”.
Qeyd edək ki, iyunun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 135 milyard kubmetr həcmində təbii qaz ehtiyatlarının aşkar olunduğunu açıqlamışdı.
(Tərcümə: Orxan Nəbiyev)