Qara dəniz və Xəzər regionunda yükdaşımalar müzakirə olunub (FOTO)

Gürcüstanda keçirilən konfransda konteynerlərlə yükdaşımalar və
logistika məsələləri müzakirə olunub.

“ADY Konteyner”dən AzerTimes-a
verilən məlumata görə, Gücüstanda “Qara və Xəzər dəniz limanları və
gəmiçilik -2022” adlı beynəlxalq konfrans və sərgi keçirilib. 5-7
aprel tarixlərində keçirilən tədbirdə Qara və Xəzər dənizi
regionunda olan dəhlizlər boyunca yerləşən ölkələrdən 150-dən çox
nümayəndə iştirak edib. Logistika və təchizat zəncirində regional
və qlobal əlaqəni gücləndirmək məqsədi daşıyan illik beynəlxalq
nəqliyyat konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə
şirkəti olan “ADY Konteyner”in nümayəndələri də təmsil
olunublar.

“ADY Konteyner”in direktoru Natiq Cəfərov konfransda “Avrasiya
dəmir yollarının kəsişməsi: Azərbaycan nəqliyyat qovşağı kimi”
mövzusunda çıxış edib. N.Cəfərov ölkəmizin tranzit imkanları,
konteynerləşmənin sürətləndirilməsi, konteynerlərlə yükdaşımalar və
logistika məsələləri, multimodal daşımalar üzrə əldə olunan
nailiyyətlər, ekoloji təmiz nəqliyyat növü kimi dəmiryolunun
təşviqi məsələlərinə toxunub.

Konfransda dünya üzrə tanınmış 25 aparıcı nəqliyyat və logistika
şirkətinin nümayəndəsi qlobal və regional ticarət, investisiyaları
mövzusunda çıxış edib.

Teqlər: