Astarada qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Qanunsuz
quraşdırılan torlar və digər qurğular su hövzələrindən çıxarılaraq
məhv edilib.
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin
əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının
aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində
tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Xəzər
dənizi və bir neçə çay boyunca quraşdırılan qanunsuz torlar və
balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular
polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq
qaydada tədbirlər görülüb.
Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki
tədbirlərlə balıq ovu ilə məşğul olan şəxslərin onlara verilmiş
kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin
mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş
vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi,
eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata
keçirilir. Təkcə 2022-ci ilin üç ayı ərzində Lənkəran Xətt Polis
Şöbəsinin əməkdaşı tərəfindən qanunsuz ovla bağlı 6 cinayət və 9
inzibati fakt qeydə alınıb. Bu istiqamətdə tədbirlər davam
etdirilir.